Polşalı nazir: Varşava Ukraynaya yardımı dayandıra bilər

Polşanın Avropa İttifaqı məsələləri üzrə naziri Şimon Şinkovski vel Senk bildirib ki, Ukraynaya gələcək dəstək ölkə vətəndaşlarının rəyindən asılı olacaq...

Poliqon xəbər verir ki, nazirin sözlərinə görə, Polşa hökuməti Ukraynanı dəstəkləməkdə davam etmək istərdi, lakin vətəndaşlar tərəfindən dəstək olmasa, o zaman Kiyevə əvvəlki kimi yardım göstərmək çətin olacaq.

Sentyabrın 15-də Avropa Komissiyası Ukraynadan Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyaya taxıl tədarükünə qoyulmuş embarqonu ləğv edib. Bundan sonra Polşa, eləcə də Macarıstan və Slovakiya Ukrayna taxılının idxalını milli səviyyədə məhdudlaşdırıb. Ukrayna Ümumdünya Ticarət Təşkilatında iddia qaldırıb.

Şinkovski vel Senk qeyd edib ki, Ukrayna hakimiyyətinin atdığı addımlar iki ölkə arasında münasibətlərə mənfi təsir göstərir.

“Ukraynanın hərəkətləri bizi heyran etmir, lakin Polşa ictimai rəyinə müəyyən təsir göstərir. Bunu sorğularda və ictimaiyyətin Ukraynaya davamlı dəstəyin təsdiqlənmə səviyyəsindən də görmək olar. Bu isə Ukraynanın özünə ziyan vurur”, deyə nazir qeyd edib.

Nazir vurğulayıb ki, Polşadan Ukraynaya gələcək dəstəyin miqdarı onun Polşa əhalisi tərəfindən bəyənilməsindən asılı olacaq: “Biz Ukraynanı dəstəkləməyə davam etmək istərdik. Amma bunun mümkün olması üçün Polşa vətəndaşlarının dəstəyini görməliyik. Əgər polyaklar tərəfindən bu cür hərəkətlərə dəstək olmasa, eyni ruhda davam etmək bizim üçün çətin olacaq”.

Poliqon.info