Türk polkovnik: Azərbaycanın antiterror tədbirləri Fransaya mesajdır

Azərbaycan öz suveren ərazisi çərçivəsində bütün dünyada qəbul edildiyi haqqlarından istifadə edərək Qarabağda Ermənistan ordusunu, Ermənistana və digər dövlətlərə bağlı silahlı dəstələri zərərsizləşdirir.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında Türkiyə Silahlı Qüvvələrinin istefada olan polkovniki, Girne Amerikan Universitetitinin professoru Sadık Akyar bildirib.

O qeyd edib ki, Azərbaycanın özünümüdafiə haqqı var və əgər Ermənistan ərazisindən hər hansı bir təhdid olsa, Azərbaycan buna da cavab verəcək.

“Bunun baş verməsinin bir neçə səbəbi var. Onlardan biri Laçın koridoru vasitəsi ilə ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsinin maşınları vasitəsi ilə qanunsuz olaraq silah-sürsat daşımaqları və bu gün 7 polis qardaşımızın şəhid olması məsələni buraya gətirib çıxardı. Konkret gərginlik iyun ayının ortalarından başladı, ən son da Ermənistan BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirmək istədi, amma bu da baş tutmadı. Ondan sonra Rəcəb Tayyib Ərdoğan Paşinyana dördtərəfli şəkildə, yəni Azərbaycan, Ermənistan, Rusiya və Türkiyə dövlət başçıları səviyyəsində görüşün keçirilməsini təklif etdi. Azərbaycan artıq 44-günlük müharibə zamanı Silahlı Qüvvələrinin hansı səviyyəyə çıxdığını göstərmişdi”.

Ekspert onu da əlavə edib ki, Ermənistan bu Fransa, Hindistan və digər ölkələrdən silah-sürsat alaraq bu təxribata hazırlıq edib.

“Bu antiterror tədbirləri xüsusi ilə ABŞ və Fransaya mesajdır. Digər tərəfdən isə BMT Baş Assambleyasının keçirildiyi günlərdə baş verməsi bütün dünyaya Azərbaycanın qərarlı olmasının bəyan etməsidir. Ermənistanın təxribatları və cavab olaraq antiterror tədbirlərinin səbəbinə gəldiksə isə, burada 3-tərəfli bəyanatdaqeyd edilməsinə baxmayaraq, Ermənistanın Zəngəzur koridorunun Açılmasını istəməməsidir. Azərbaycan isə bu vəziyyətdə lazım olanı etdi”, - deyə S. Akyar vurğulayıb.

Poliqon.info