Ərdoğan: Ukraynada hərbi münaqişə uzun müddət davam edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Ukraynada müharibə və düşmənçilik tezliklə bitməyəcək...

Poliqon xəbər verir ki, Türkiyə prezidenti bu barədə Amerikanın PBS telekanalına müsahibəsində bildirib. Onun fikrincə, silahlı münaqişənin sülh yolu ilə həlli üçün bütün səylərə baxmayaraq, istənilən halda bu, “kifayət qədər uzun müddət davam edəcək” bir münaqişədir.

“Tamamilə aydındır ki, bu müharibə uzun müddət davam edəcək və tezliklə bitməyəcək”, deyə Ərdoğan müsahibəsində bildirib. Eyni zamanda, Ərdoğan vurğulayıb ki, Ankara Ukraynada sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.

Türkiyə prezidenti həmçinin qeyd edib ki, münaqişənin tezliklə bitməsini təkcə özü deyil, Rusiya prezidenti Vladimir Putin də arzulayır.

“Vladimir Putin də mənim kimi Ukraynadakı müharibənin tezliklə dayandırılmasının tərəfdarıdır. Mən bunu onun sözlərinə əsaslanaraq deyirəm, Putin istəyir ki, bu müharibə tez bitsin. Onun dediyi budur və mən onun sözlərinə inanıram”, deyə Rəcəb Tayyib Ərdoğan Qərb dövlətlərinin liderlərinə inandığı kimi, Putinə də güvəndiyini bildirib.

Poliqon.info