Kreml Kadırovun səhhəti ilə bağlı söyləntiləri dəyərləndirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Kadırovun səhhəti ilə bağlı məlumat vermir...

Kreml Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinin vəziyyəti ilə bağlı məlumat vermir.

Poliqon TASS Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, dövlət başçısının administrasiyasında Kadırovun səhhətinin pisləşməsi ilə bağlı bağlı hər hansı məlumat yoxdur.

“İstənilən halda, prezident administrasiyası çətin ki, sağlamlıq haqqında arayış verə bilsin, ona görə də burada deyəcək bir şeyimiz yoxdur”, deyə Kremlin sözçüsü vurğulayıb.

Bundan əlavə, Peskov yaxın zamanlarda Çeçenistan rəhbəri ilə Rusiya prezidenti Vladimir Putin arasında heç bir görüş olmadığını da bildirib.

Qeyd edək ki, Rusiya telegram kanallarında Çeçenistan liderinin xəstəliyi ilə bağlı şayiələr yayılmağa başlayıb. Belə məlumatların ilkin mənbəyi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov olub. Öz növbəsində Kadırov gəzinti zamanı çəkdiyi videonu yayımlayaraq vəziyyətinin normal olduğunu bildirib

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı qətiyyətlə tövsiyə edirəm. Yağış heyrətamiz dərəcədə canlandırıcıdır”, deyə Kadırov bildirib.

Poliqon.info