FT: Ukrayna ordusu “tükətmə müharibəsi” strategiyasına keçib...

Strategiyanın dəyişməsi ilk növbədə Ukraynanın güclü aviasiyasının olmaması ilə bağlıdır...

Poliqon xəbər verir ki, Financial Times qəzeti Ukraynanın üç aylıq əks-hücum əməliyyatının nəticələrini araşdırraq, belə qənaətə gəlib ki, Ukrayna silahlı qüvvələri Qərbin təklif etdiyi strategiyadan əl çəkərək “tükətmə müharibəsinə” keçib. Nəşrin qeyd edir ki, strategiyanın dəyişməsi ilk növbədə Ukraynanın güclü aviasiyasının olmaması ilə bağlıdır.

Kiyev və Qərb rəsmiləri qəzetə bildiriblər ki, Ukrayna silahlı qüvvələri may və iyun aylarında NATO-nun əks-hücum əməliyyatı üçün təmin etdiyi silahların təxminən beşdə birini itirib. Bu itlikər Kiyevi əməliyyatı dayandırmağa və əks-hücum strategiyasını yenidən düşünməyə məcbur edib. İndi Ukrayna qüvvələri Rusiya qüvvələrini artilleriya ilə təqib edir, uzaq məsafədən zərbələrlə təchizat xətlərini məhv edir və kiçik piyada dəstələri ilə hücuma keçir.

FT yazır ki, bəzi NATO rəsmiləri narahatdırlar ki, “tükətmə müharibəsi” köhnə sovet hərbi strategiyasına bənzəyir. Lakin Ukrayna rəsmiləri və Qərb analitikləri Rusiyanın istehkamları, minalanmış sahələri və Ukraynanın havada üstünlüyünün olmaması nəzərə alınmaqla, bunun daha çox yerdəki şəraitə uyğunlaşdırıldığını deyirlər.

Nəşrin fikrincə, “Ukrayna əks-hücumunun təvazökar nəticələri” həm də Kiyevlə bəzi Qərb rəsmiləri arasında hərbi strategiya ilə bağlı fikir ayrılıqlarının nəticəsi olub. Bəzi ABŞ rəsmiləri Ukraynanın təlimlərinin mexanikləşdirilmiş piyada, artilleriya və hava hücumundan müdafiəni birləşdirən müasir əməliyyatları mənimsəməməsindən və risk etməkdən yayındığından şikayətləniblər.

Bu arada Ukrayna rəsmiləri qeyd ediblər ki, ABŞ ordusu heç vaxt Rusiyanın böyüklüyünə və gücünə malik bir qüvvəyə qarşı hava üstünlüyü olmadan oxşar əməliyyatlar keçirməyib.

ABŞ generalı Mark Milli BBC-yə bildirib ki, Ukrayna qoşunları indi irəliləyərkən, payız yağışları başlamazdan əvvəl əks-hücumlarını davam etdirmək üçün cəmi bir aydan altı həftəyə qədər vaxtları ola bilər. Ukrayna hərbi kəşfiyyatının rəhbəri general-leytenant Kirill Budanov ötən şənbə günü Kiyevdə Yalta Avropa Strategiya konfransında cavab verib: “Biz yağışlı mövsümlərindəki Afrika deyilik”.

Hərbi analitiklər Maykl Kofman və Rob Li Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı hesabatında yazıblar ki, “Ukraynadakı hərbi əməliyyatlar və ümumi əməliyyat mühitinin zəif başa düşülməsi Qərb rəsmi dairələrində yanlış gözləntilərə, yersiz məsləhətlərə və ədalətsiz tənqidlərə səbəb ola bilər”.

FT-yə müsahibə verən hərbi ekspertlərin fikrincə, əks-hücum zamanı Ukrayna qüvvələri NATO-nun birləşmiş silahlarla müharibə strategiyasına - piyada, zirehli texnika, artilleriya və hava hücumundan müdafiənin koordinasiya edilmiş hərəkətlərinə əməl etməyin mümkün olmadığını aşkar ediblər. Maykl Kofman və Rob Lee iddia edirlər ki, Ukrayna ordusu üçün kiçik, yüksək manevr qabiliyyətinə malik hücum bölmələri ilə döyüşmək ən yaxşı strategiyadır.

Analitiklərin fikrincə, indiyədək həyata keçirilən əks-hücum əməliyyatının əsas dərslərindən biri odur ki, Qərbin Ukrayna qoşunları üçün adətən beş həftə davam edən təlimi çox qısadır və qoşunların döyüş meydanında, minalanmış ərazilərdə və ya istehkamlarda davranış tərzinə uyğunlaşdırılmayıb.

Pliqon.info