“Qaçqınkom” nəticəsi açıqlanmamış tenderin icrasını daşıma şirkətinə verib? – Fotolar

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrnin nəticəsi məlum olub...

Poliqon Ekonominfo.az-a istinadla xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.

“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə 267 məcburi köçkün ailəsini Füzuli rayonuna, 260 məcburi köçkün ailəsini isə Laçın şəhərinə köçürəcək.

Füzuli rayonuna köçürmə üçün 226 min 950 manat, Laçın şəhərinə köçürmə üçün isə 254 min 800 manat alacaq.

Rəqəmlərdən də göründüyü kimi, 1 məcburi köçkün ailəsinin Füzuliyə köçürülməsi xərici 850 manat, Laçın şəhərinə köçürülməsi xərci isə 980 manat təşkil edəcək.

Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, “Qaçqınkom”un müsabiqəsinin nəticəsi avqust ayının 22-də açıqlanıb və müsabiqənin icrasına sentyabr ayının 14-dən başlanılacağı qeyd olunub.

Lakin, avqust ayının 18-də, yəni müsabiqənin nəticəsi açıqlanmamışdan əvvəl bir qrup məcburi köçkün ailəsi “166 Global Logistics” MMC-nin avtomobilləri ilə Füzuli rayonuna köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov köçürülmə zamanı bildirib ki, Füzuli şəhərinə ilkin olaraq 267 ailənin köçürülməsi planlaşdırılır: “Avqustun 5-də 144 ailə arasında ədalətlilik və obyektivlik prinsipi əsasında püşkatma keçirildi”.

Rəsmi açıqlamalardan da göründüyü kimi, “Qaçqınkom” tender müsabiqəsinin nəticəsi məlum olmamış köçürmə işini “166 Global Logistics” MMC-yə həvalə edib və bundan sonra tenderin qalibi də bu şirkət olub.

Poliqon.info