Polşa Belarusla sərhəddə 10 min əsgər cəmləşdirib

Polşa Daxili İşlər Nazirliyinin rəis müavini həmçinin qeyd edib ki, sərhəddə təzyiq həqiqətən azalıb...

Polşanın Belarusla sərhədində 10 mindən çox əsgər cəmləşib.

Poliqon xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin rəis müavini Maçey Vonsik Polşa radiosuna müsahibəsində bildirib. Eyni zamanda, o qeyd edib ki, Polşa-Belarus sərhədində “mütləq sakitlik” yaranıb.

“Biz sərhədi çox gücləndirmişik. Tikdiyimiz hasardan əlavə, böyük əhəmiyyət kəsb edən, bizə çox kömək edən perimetrdən əlavə, orada 10 min əsgər var: onlardan 6 mini düşərgədə, 4 mini isə birbaşa sərhəddədir. Bundan əlavə, sərhəddə 5 min sərhədçi və minə yaxın polis əməkdaşı var”, deyə Vonsik bildirib.

Polşa Daxili İşlər Nazirliyinin rəis müavini həmçinin qeyd edib ki, sərhəddə təzyiq həqiqətən azalıb. Bununla belə, cənab Vonsikin fikrincə, bu, “nəsə baş verə bilməz” demək deyil.

Qeyd edək ki, 2021-ci ilin yayında Avropa İttifaqına daxil olmaq istəyən bir neçə min miqrant Belarusa daxil olub və onlar AVropa İttifaqı ərazisinə daxil omağa çalışırlar. Avropa İttifaqı və Varşava Minski bilərəkdən miqrasiya böhranı yaratmaqda ittiham edib. Belarus hakimiyyəti ittihamları rədd edir.

Poliqon.info