Paşinyanın cəhdləri... - Müharibədən qaçınmaq üçün diplomatiya yetərli olacaqmı?

Ermənistanın Baş naziri bir sıra aparıcı dövlətlərin başçıları ilə telefonla əlaqə saxlayaraq, İlham Əliyevlə danışmaq istədiyini israrla dilə gətirib...

Politoloq: “Bölgədə yaranmış indiki gərgin eskalasiya şəraiti bilvasitə Ermənistanın “fəaliyyəti”nin nəticəsidir”.

“Əlbəttə, burada ən yaxşı variant Ermənistanın Baş nazirinin prezident İlham Əliyevə zəng edib, ondan üzr istəməsidir. Nəhayət, o sözdə deyil, hərəkətləri ilə təsdiq etməlidir ki, həqiqətən də, sülhə qulluq edəcək”.

Bu sözləri politoloq Tofiq Abbaslı Ermənistanın Baş nazirinin prezident İlham Əliyevlə əlaqə qurmaq istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Ermənistanın Baş naziri Rusiya prezidenti istisna olmaqla bir sıra aparıcı dövlətlərin başçıları ilə telefonla əlaqə saxlayaraq, Azərbaycan prezidenti İlham Əliyevlə danışmaq istədiyini israrla dilə gətirib. Azərbaycan və Ermənistan arasındakı hazırkı gərginliyi nəzərə alaraq, demək olarmı ki, növbəti müharibədən qaçınmaq üçün diplomatiya yetərli olacaqmı?

Azərbaycan-Ermənistan arasında baş verən son hadisələri Poliqon-un əməkdaşı politoloq Tofiq Abbasov ilə müzakirə edib.

Tofiq Abbasov: “Əgər indiki şəraitdə Nikol Paşinyan az-çox düşünə bilirsə, müdrikliyi tükənməyibsə, Azərbaycana pənah gətirməlidir”.

Ermənistanın Azərbaycanın daxili işlərinə qarışmaq hüququnun olmadığınıi vurğulayan politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, əgər Ermənistan bu cəhdlərini gücləndirəcəksə, bu zaman əlbəttə ki, müharibə və yeni toqquşma qaçınılmaz olacaq:

“Bölgədə yaranmış indiki gərgin eskalasiya şəraiti bilvasitə Ermənistanın “fəaliyyəti”nin nəticəsidir. Çünki Ermənistan sülh prosesindən, Azərbaycanın təklif etdiyi yanaşmadan imtina edir. Ermənistan sözdə alqış yağdırırdı ki, onlar sülhü dəstəkləyirlər və Azərbaycanla razıdırlar. Əməldə isə Yerəvan tərs mütənasib əməllərə yol verirdi. Bildiyimiz kimi Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dedi. Sentyabrın 2-də isə qondarma Qarabağ rejiminə təbrik göndərdi ki, onları dəstəkləyirlər. Eləcə də, Ermənistanın büdcəsindən nəfəsi kəsilən o rejimə maliyyə dəstəyi olunur.

Əlbəttə ki, bunların hamısı Azərbaycanın diqqətindən qaçan məqamlar deyildi. Çünki biz Ermənistanın nə dərəcədə riyakar siyasət apardığını və silahlandığını görürük. Belə olan halda da, Ermənistan Azərbaycanın daxili işlərinə qarışa bilməz. Ümumiyyətlə, Azərbaycan buna yol verməyəcək. Əgər Ermənistan bu cəhdlərini gücləndirəcəksə, bu zaman əlbəttə ki, müharibə və yeni toqquşma qaçınılmaz olacaq.

Ermənistan indi yaşadığı diplomatik təlatümü, Paşinyanın telefon dəstəyi ilə dostlaşması ondan irəli gəlir ki, Ermənistanda hərbi, siyasi sahədə çalışan ekspert birlikləri Paşinyanı başa salırlar ki, o Azərbaycanla güc dilində danışmaq istəsə, bu artıq Ermənistanı sonuna gətirib çıxara bilər. Xatırladım ki, müharibə dövründə bir çox xarici ekspertlər dedilər ki, Qarabağla hər şey aydındır. Bəs bundan sonra Ermənistanın müqəddaratı necə olacaq? Odur ki, indi sanki Paşinyanı ayıltdılar və gözlərini reallığa açdılar.

Tofiq Abbasov: “Paşinyan müharibə ruhlarını birdəfəlik yadlarından çıxardıqlarını təsdiq etməlidir”.

Paşinyan çalışır ki, Azərbaycanla yeni toqquşma olmasın. Çünki Azərbaycan xəbərdarlıqlarını edib, prezident İlham Əliyev dəfələrlə Paşinyana həddini aşmamasını demişdi. Bildirmişdi ki, əgər revanşistlərə meyil göstərsə, bu zaman Dəmir Yumruq öz işini görəcək. Həqiqətən də, bizim Dəmir Yumruğumuz həm qüvəsindədir, həm də hazır vəziyyətdədir.

Əlbəttə, burada ən yaxşı variant Ermənistanın baş nazirinin prezident İlham Əliyevə zəng edib, ondan üzr istəməsidir. Nəhayət, o sözdə deyil, hərəkətləri ilə təsdiq etməlidir ki, həqiqətən də, sülhə qulluq edəcək. Sülh daha çox Ermənistana lazımdır. Çünki 30 il işğal dövründə Azərbaycan Ermənistanın iştirakı olmadan özünün strateji məsələlərinin reallaşmasına nail oldu. Biz dünyaya inteqrasiyamızı gücləndirdik. Buna görə Ermənistanın olub-olmamasının bizə heç bir əhəmiyyəti yoxdur. Əlbəttə, Ermənistan olsa, həm özü qazanacaq, həm də bizim müharibə, müdafiə xərclərimizin bir qismi inteqrasiya proseslərinə yönələcək. Bir halda ki, biz ətrafımızda, yanımızda, sərhəddimizdə qeyri-adekvat, proqnozlara uyğunlaşmayan subyektin mövcudluğunu görürüksə, hər zaman da onun gözlənilməz hərəkətlərinə hazır olmalıyıq.

Əgər həqiqətən də, onlar revanşist ideyalarından əl çəkib, əl-ayaqlarını yığışdırıb, normal dövlət olmaq istəklərini təsdiqləyə bilsələr, bu həm Ermənistan, həm də bölgə ölkələri üçün yaxşı olacaq. Çünki heç bir məmləkət istəməz ki, onun sərhədləri boyunca təhlükə mənbəyi olsun. Amma Ermənistan elə başdan ayağa özü sırf təhlükə mənbəyidir.

Tofiq Abbasov: “Əgər həqiqətən də, onlar revanşist ideyalarından əl çəkib, əl-ayaqlarını yığışdırıb, normal dövlət olmaq istəklərini təsdiqləyə bilsələr, bu həm Ermənistan, həm də bölgə ölkələri üçün yaxşı olacaq”.

Buna görə də, hesab edirəm ki, əgər indiki şəraitdə Nikol Paşinyan az-çox düşünə bilirsə, müdrikliyi tükənməyibsə, Azərbaycana pənah gətirməlidir. Çünki onun xilas yolu, həm də Azərbaycanın getdiyi yoldur. Yəni, o Azərbaycandan örnək götürərək, çalışıb ölkəsini həm dirçəldə bilər, həm də rəsmi İrəvanın siyasi kursunu müəyyən edə bilər. Hesab edirəm ki, Nikol Paşinyanın indi ən böyük qayğısı heç də hakimiyyətini əldə saxlamaq deyil. O yaxşı bir iz qoyub gedə bilməyəcəksə, həmişə lənətlənəcək. Çünki Serj Sərkisyan və Köçəryan demək olar ki, Ermənistanı iflic vəziyyətə saldılar. Paşinyan da onların dağıdıcı fəaliyyətlərinə bir qədər də əlavələr etdi.

Bununla da göstərdi ki, Ermənistanda həm lider, həm də strategiya böhranı var. Lider yoxdursa, əlbəttə, strategiya böhranı baş alıb gedir. Biz görürük ki, bu proses məhz Ermənistanda təşəkkül tapıb. Odur ki, Paşinyan Azərbaycandan üzrxahlıq etməlidir. Sonrasına isə baxmaq olar. Eyni zamanda Paşinyan müharibə ruhlarını birdəfəlik yadlarından çıxardıqlarını təsdiq etməlidir”.

Nərminə UMUDLU Poliqon.info