Rusiya QXC-nin ərzaq dolu yük avtomobili hələ də Xankəndiyə keçməyib

Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq dolu yük avtomobilinin Xankəndiyə keçidi hələ də baş tutmayıb...

APA-nın Qarabağ bürosu xəbər verir ki, bu gün ərzində Rusiyadan gələn yük, saat 10 radələrində Ağdama Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatmalı idi. Lakin axşam saatları olmasına baxmayaraq, hələ də keçid baş tutmayıb.

Artıq 12 saatadır ki, ərzaq dolu yük avtomobili Bərdə şəhərində gözləyir.

Keçidin ləngiməsi Qarabağdakı separatçıların növbəti qeyri-konstruktiv mövqeyi ilə yanaşı Beynəlxalq Qızıl Xaç Komitəsi və Qərbin Rusiya Qızıl Xaç Cəmiyyətinə təzyiqinin nəticəsi kimi qiymətləndirilir.

Eyni zamanda, əldə etdiyimiz məlumata görə, Laçın sərhəd-buraxılış məntəqəsinin yaxınlığında, Ermənistan ərazisində Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı hazır dayanır.

Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları bu yükü də qəbul etmək istəmirlər.

Bu halda Beynəlxalq Qızıl Xaç Komitəsinin bir TIR-ı paralel olaraq həm də, Ağdam yolundan Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.

Beləliklə, Qarabağ separatçılarının tamamilə qeyri-adekvat davranışı göz önündədir. Onlar nə Rusiyadan, nə də Beynəlxalq Qızıl Xaç Komitəsindən yükləri qəbul etmək fikrində deyillər.

Poliqon.info