Prezidentin andiçmə mərasimi boykot edildi…

Zimbabve prezidentinin andiçmə mərasimi dəvət olunmuş Afrika liderləri tərəfindən boykot edilib…

Demək olar ki, bütün regional liderlər Zimbabve prezidenti Emmerson Mnanqaqvanın yeni müddətə andiçmə mərasimində iştirakdan imtina ediblər.

Poliqon xəbər verir ki, bu barədə Financial Times nəşri məlumat yayıb. Nəşr qeyd edir ki. andişmə mərasiminə qatılanlar arasında yalnız Zimbabve ilə qonşu Cənubi Afrika Respublikasının prezidenti Siril Ramafosa, Konqo Demokratik Respublikasının prezidenti Feliks Tşisekedi və Mozambik prezidenti Filipe Nyusi olub.

FT-nin məlumatına görə, Cənubi Afrika İnkişaf Birliyinə (SADC) daxil olan dövlətlərin digər 12 lideri iştirak etməyib.

Qeyd edək ki, Emmerson Mnanqaqva 2017-ci ildə hərbi çevriliş nəticəsində Zimbabve də hakimiyyəti ələ keçirib. 2018-ci ildə prezident seçkilərində müxalifət lideri Nelson Çamizanı cüzi fərqlə məğlub edib. Daha sonra müxalifət hakimiyyəti seçkilərin nəticələrini külli miqdarda saxtalaşdırmaqda ittiham edib. Keçən ay keçirilən seçkilərdə Emmerson Mnanqaqva, seçki komissiyasının məlumatına görə, müxalifət lideri üçün 44% səsə qarşı 52,6% səs toplayaraq, prezident elan olunub. Lakin səslərin hesablanması gecikdirilib, buna görə də müxalifət yenidən hakimiyyəti saxtalaşdırmada və seçicilərə təzyiq göstərməkdə ittiham edib və təkrar səsverməyə çağırıb.

Beynəlxalq müşahidəçilər, o cümlədən SADC ölkələrinin nümayəndələri də seçkilərin regional və beynəlxalq standartlara uyğun olmadığını bildiriblər. Beynəlxalq insan haqları təşkilatlarının məlumatına görə, ölkədə seçkilər zamanı və seçkilərdən sonra onlarla müxalifət xadimi və fəal oğurlanıb, həbs edilib, döyülüb və işgəncələrə məruz qalıb.

80 yaşlı Emmerson Mnanqaqva andiçmə nitqində “dinc, azad, şəffaf və etibarlı” seçkidə qalib gəldiyini və bu tədbirdə “uduzanların olmadığını qeyd edərək, seçkiləri “bütün Zimbabve xalqının qələbəsi” adlandırıb.

Poliqon.info