Tokayev AES tikintisinin referendumuna çıxaracaq: Semipalatinskdə 396 nəfər xərçəngdən ölüb

Qazaxıstan prezidenti Kasım-Comart Tokayev ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı ümumxalq referendumunun keçirilməsini təklif edib...

Poliqon xəbər verir ki, dövlət başçısı Semipalatinsk poliqonunda nüvə sınaqlarının nəticələrinə görə belə bir qərarı düzgün hesab edir.

Sınaq meydançasının yanında yerləşən Qaynar kəndində aparılan sınaqlar zamanı 396 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişib:

“2019-cu ildə seçki platformamda ən mühüm strateji məsələlərlə bağlı qərarların referendum yolu ilə veriləcəyinə söz vermişdim. Atom elektrik stansiyasının tikintisi və ya tikintidən imtina ölkəmizin gələcəyi ilə bağlı son dərəcə vacib məsələdir. Ona görə də mən bunu ümumxalq səsverməsinə çıxarmağı təklif edirəm. Konkret tarixlərə sonra qərar verəcəyik”.

Qazaxıstan prezidenti qeyd edib ki, nüvə energetikasının inkişafı mühüm iqtisadi və siyasi məsələyə çevrilib:

“Bir tərəfdən, dünyanın ən böyük uran istehsalçısı olan Qazaxıstan öz nüvə sisteminə malik olmalıdır. Digər tərəfdən, bir çox vətəndaşların və bir sıra ekspertlərin atom elektrik stansiyalarının təhlükəsizliyi ilə bağlı narahatlıqları var”.

Qeyd edək ki, Semipalatinsk poliqonu SSRİ-də ilk və ən böyük nüvə poliqonlarından biri olub. 1949-cu ildə Sovet İttifaqında ilk nüvə silahı sınağı onun üzərində həyata keçirilib. Bombanın gücü 22 kiloton olub. 1961-ci il oktyabrın 11-də SSRİ-də ilk dəfə olaraq Semipalatinsk poliqonunda yeraltı partlayış üsulu ilə nüvə sınaqları keçirilib. Ümumilikdə poliqonun istismarı zamanı 460-dan çox nüvə sınağı baş tutub.

Nüvə təcrübələri üçün 18,5 min kvad.km sahə ayrılıb və Semipalatinsk, Pavlodar və Qaraqanda vilayətlərinin ərazilərində yerləşib. Semipalatinsk poliqonunda sonuncu atom partlayışı 1989-cu il oktyabrın 19-da baş verib. 1991-ci il avqustun 29-da Qazaxıstanın o zamankı prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Semipalatinsk nüvə poliqonu bağlanıb.

Poliqon.info