Gürcüstan prezidentin impiçment proseduruna başladı

Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının rəhbəri İrakli Kobaxidze bildirib ki, partiyanın siyasi şurası prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunun başlanması barədə qərar qəbul edib...  

Poliqon Gürcüstanın Birinci Kanalına istinadən xəbər verir ki, onun sözlərinə görə, buna səbəb dövlətin əsas qanununun kobud şəkildə pozulması olub.

“Zurabişvili Gürcüstan konstitusiyasını kobud şəkildə pozub və hökumətin razılığı olmadan xarici ölkələrə bir sıra səfərlərə başlayıb. Gürcüstan konstitusiyasına görə, yalnız Gürcüstan hökuməti ölkənin həm daxili, həm də xarici siyasətini həyata keçirmək səlahiyyətinə malikdir”, deyə Kobaxidze qeyd edib.

O əlavə edib ki, Gürcüstan prezidenti hökumətin avrointeqrasiya səylərinə xələl gətirir. Kobaxidze vurğulayıb ki, Zurabişvili ölkənin Avropa İttifaqına namizəd statusuna layiq olduğuna inanmır, ona görə də onun Avropaya hər hansı səfəri əks nəticə verir:

“İmpiçment proseduruna başlamaq üçün yaxın günlərdə parlament çoxluğu üzvlərinin imzaları toplanacaq və müvafiq konstitusiya təqdimatı Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq”.

Poliqon.info