Yunanlar yanğınlara görə miqrantları günahlandırır - Mülki "milislər" zorakılığa başladı

Yunanıstanda miqrantlara qarşı zorakılıq hərəkətləri edən mülki "milis" qrupları yaranıb...

Poliqon xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Məlumata görə, şəxsi təşəbbüslərlə yaradılan bu qruplaşmaların üzvləri öz hərəkətlərini onunla əsaslandırırlar ki, guya Yunanıstanı viran qoyan yanğınlarda miqrantlar günahkardırlar. Son günlər sosial şəbəkələrdə "miqrantların ovuna" çağıran videolar getdikcə artır.

Yunanıstan Qaçqınlar İnstitutunun direktoru Lefteris Papayannakis bununla bağlı deyib: "Yanğınlarda miqrantların günahkar olması ilə bağlı geniş yayılmış söz-söhbət var və miqrantları günahlandırmaq asan olduğu üçün yerli siyasətçilər bundan siyasi alət kimi istifadə edirlər. Çünki onların səsvermə hüquq yoxdur. Beləliklə, günah keçisi tapıblar - miqrantlar".

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, öz-özünə təşkilatlanmış “milislər” miqrantlara qarşı qanunsuz zorakılıq hərəkətləri edir.

“The Press Project” miqrantların metal barmaqlıqlarla döyülməsi barədə xəbərlər yayır.

"Yunanıstan hökuməti və mediası 2020-ci ildən bəri "miqrant ovçuları"nı təşviq edir və onlara tam cəzasız olaraq irqçi cinayətlər törətməyə imkan verirlər", deyə miqrantlara dəstək təşkilatı olan "Alarm Phone"dən bildirilib.

Bir neçə gün ərzində Yunanıstanın Aleksandrupolis şəhəri ətrafında 73 min hektardan çox meşə sahəsi yanıb. Bu meşə yanğınları Avropa İttifaqı tarixində ən böyük yanğınlardan birinə çevrilib.

Poliqon.info