Afrikanın daha bir ölkəsində Fransanın mövqeyi sarsıldı – Qabonda dövlət çevrilişi...

Qabonun hərbçiləri hakimiyyət institutlarının ləğv olunduğunu elan ediblər və ölkədəki rejimə son qoyacaqlarını bildiriblər...

Mübahisəli və problemli prezident seçkilərinin keçirildiyi Qabonda dövlət çevrilişi olub.

Poliqon xəbər verir ki, bu barədə çərşənbə günü, avqustun 30-da Fransanın Agence France-Presse (AFP) məlumat yayıb. Hərbçilər televiziya vasitəsilə seçkilərin nəticələrinin ləğv edildiyini və dövlət qurumlarının buraxıldığını elan ediblər.

Həmçinin hərbçilər ölkədəki rejimə son qoyacaqlarına söz veriblər. Onlar Qabonun sərhədlərinin sonrakı xəbərdarlığa qədər bağlı olduğunu da elan ediblər.

Qabonun paytaxtı Librevildə atışma səslərinin eşidildiyi bildirilir. Avtomatik silahların tətbiqi ilə atışma getdiyi qeyd edilir..

Al Jazeera telekanalının məlumatına görə, bir qrup yüksək rütbəli hərbçi milli televiziyaya çıxış edərək bildirib ki, ötən həftə sonu keçirilən seçkilər “etibarsız” olduğundan onlar hakimiyyəti ələ keçiriblər.

Hərbçilər Qabonun təhlükəsizlik və müdafiə qüvvələrini təmsil etdiklərini iddia ediblər.

“Xalq adına buz, hazırkı rejimə son qoymaqla, Qabonda sülhü qorumaq qərarına gəldik” deyə hərbişilərin bəyanatında bildirilir..

Qeyd edək ki, çərşənbə günü səhər Qabonun hazırkı prezidenti, 64 yaşlı Əli Bonqo Ondimba üçüncü dəfə dövlət başçısı elan edilib. Qabonda seçkilərlə bağlı vəziyyət mübahisəli və problemli idi və etirazlara qarşı ölkədə komendant saatı tətbiq olunmuşdu. Həmçinin Qabonda internetə çıxış bağlanıb, Fransanın RFI radiostansiyası və France24 telekanalının yayımı dayandırılıb.

Seçki komissiyasının məlumatına görə, Əli Bonqo Ondimba 64,27% səs toplayıb. Hesablama prosesi gecikmələrlə müşayiət olunub. Müxalifət seçkilərin saxtalaşdırıldığını bildirib.

Poliqon.info