Atributlarımızı təhqir edən ermənilərə 10 günlük həbs cəzasının verilməsi nə qədər ədalətlidir?

Azərbaycan dövlət atributlarını təhqir edən ermənilərə məhkəmə 10 günlük həbs cəzası verməklə kifayətləndi...

Politoloq: “Açıq demək lazımdır ki, Azərbaycanın indi kompromisə getmək vaxtıdır”.

“Düşünürəm ki, məhkəmə saxlanılan ermənilərə qarşı humanist addım atıb”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan dövlət atributlarını təhqir edən ermənilərə verilən cəzanı Poliqon-a şərh edərkən qeyd edib.

Dünən Laçın Sərhəd buraxılış məntəqəsində daha əvvəl bayrağımızı təhqir edən üç erməni gənci saxlanıldı. Məhkəmə onlara qarşı əvvəllər açılan cinayət işini ləğv edərək, 10 günlük həbs cəzası verməklə kifayətləndi.

Məhkəmənin bu qərarını nə qədər ədalətli hesab etmək olar və bu nümunə Azərbaycan dövlət atributlarını təhqir edənlərə qarşı cəzasıqlıq şəraiti yaratmırmı?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Kim nə deyir desin, indiki şəraitdə Xankəndi erməniləri ilə müəyyən qədər yumşaq siyasət yürüdülməsinə böyük ehtiyac var”.

İstər cəzanın 10 gün olması, istərsə də 5 il olmasının önəmi olmadığını bildirən politoloq qeyd edib ki, Əsas səhvə yol verən ermənilər cəzaya məhkum edilib:

“Azərbaycan reallıqlara uyğun hərəkət etməlidir. Biz bu ərazilər üzrə özümüzün suverenliyimizi bərpa etmək uğrunda mübarizə aparırıq. Ermənilərin arxasında da Avropa, ABŞ kimi böyük dövlətlər var. Açıq demək lazımdır ki, Azərbaycanın indi kompromistə getmək vaxtıdır. Yəni, rəsmi Bakı prosesləri, qanunların gücünü tədricən tətbiq etməyə üstünlük verir. Eyni zamanda Azərbaycan qanunlarımızın humanist xarakter daşıdığını göstərməyə çalışır.

Kim nə deyir desin, indiki şəraitdə Xankəndi erməniləri ilə müəyyən qədər yumşaq siyasət yürüdülməsinə böyük ehtiyac var. Əks təqdirdə biz onları daha da qəzəbləndirə bilərik. Bununla da onların üstümüzə müxtəlif uydurmalarla, şantajlarla gəlməsinə səbəb ola bilərik.

Qabil Hüseynli: “Rəsmi Bakı prosesləri, qanunların gücünü tədricən tətbiq etməyə üstünlük verir”.

Düşünürəm ki, məhkəmə saxlanılan ermənilərə qarşı humanist addım atıb. Dövlət rəmzimizi təhqir edənlərə 10 gün cəza verməklə Azərbaycan onlara başa salmaq istəyir ki, etdikləri hərəkətlər nadürüst hərəkətlərdir və Azərbaycan dövlətçiliyinə hörmətsizlik əlamətidir. İstər cəza 10 gün olsun, istərsə də 5 il olsun. Əsas odur ki, səhvə yol verən ermənilər cəzaya məhkum edilib. Ərazilərimiz nəzarətimiz altına keçəndən sonra bu məsələyə yenidən baxıla bilər.

Hesab edirəm ki, ermənilər bundan sonra belə hərəkətlər etməyəcəklər”.

Nərminə UMUDLU Poliqon.info