Putin "çətin seçimlər" etmədən daha bir il müharibə apara bilər...

Rusiyanın daha bir il müharibəni maliyyələşdirmək üçün kifayət qədər pulu olacaq. Bundan sonra Vladimir Putin rusların rifah səviyyəsi ilə hərbi əməliyyat arasında çətin seçim etməli olacaq...

Poliqon xəbər verir ki, bu barədə CNN yazır.

Putin 2023-cü ildə müdafiə üçün 4,98 trilyon rubl (52 milyard dollar) nəzərdə tutan qanunu imzalayıb. Lakin Reuters Agentliyi tərəfindən nəzərdən keçirilən hökumət sənədinə görə, bu proqnoz iki dəfə artırılaraq, 9,7 trilyon rubla (101 milyard dollar) çatacaq. Bu, Rusiyanın 2021-ci ildə müdafiəyə xərclədiyi məbləğdən təxminən 3 dəfə çoxdur.

Kral Müdafiə və Təhlükəsizlik Araşdırmaları İnstitutunun Rusiya iqtisadiyyatı üzrə eksperti Riçard Konnolli, Rusiyanın 2023-cü ildə müharibə xərclərinin 100 milyard dolları keçəcəyini ehtimal edir. Genişmiqyaslı işğaldan əvvəl Rusiya adətən illik ümumi daxili məhsulunun təxminən 3-4%-ni müdafiəyə xərcləyirdisə, indi bu, 8%-10% arasında ola bilər.

Almaniya Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun baş elmi işçisi Yanis Kluq deyir ki, dollar ifadəsində 2023-cü ilə qədər bu məbləğ 300 milyarda çatacaq. Rusiyanın büdcə kəsiri müharibə başlayandan bəri kəskin şəkildə artıb, xüsusən də sanksiyalar və qalan alıcılar üçün dərin endirimlər fonunda neft və qaz ixracından əldə edilən gəlirlərin azalması səbəbindən çoxalıb.

Yanvar-iyul aylarında neft-qaz sektorunun gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 41% az olub. Bu o deməkdir ki, hökumət daha çox borc almalıdır. Hazırda ÜDM-in 14,9%-ni təşkil edən dövlət borcu artacaq.

"Biz borcumuzu artıracağıq, bu, ümidsiz vəziyyətdir. Biz bunu etməli olacağıq, çünki xərclər hissəmiz artır", deyə Rusiya maliyyə nazirinin müavini İrina Okladnikova ötən ay bildirib.

"Rusiya elə bir vəziyyətdədir ki, neftin əhəmiyyətli dərəcədə aşağı qiyməti ilə yaşaya bilməz. Makroiqtisadi sabitlik neft qiymətlərinin indiki səviyyədə qalıb-qalmamasından asılıdır", deyə "Capital Economics"dən Liam Piç bildirib.

Berlindəki Karnegi Avrasiya Mərkəzinin ştatdankənar əməkdaşı Oleksandra Prokopenko deyir ki, Rusiya müharibəni daha bir il də maliyyələşdirə bilər, lakin bu, daha da uzanarsa, hökumət “çətin seçim” etməli olacaq.

"Vəziyyət ondan ibarətdir ki, onlar vergiləri artırmalı və ya yolların, körpülərin tikintisi kimi infrastruktur xərclərini azaltmalı olacaqlar, çünki müharibə getdikcə daha çox xərc tələb edəcək", deyə Prokopenko CNN-ə bildirib.

Liam Piçin sözlərinə görə, yaxın gələcəkdə Rusiya büdcə kəsirini aradan qaldırmaq üçün banklar və enerji şirkətləri kimi iqtisadiyyatın ən gəlirli sektorlarına vergiləri artıra bilər:

"Rusiyanın ən böyük şirkətləri getdikcə daha çox hakimiyyətə tabe ediləcəklər. Hərbi məqsədlərə davamlı öhdəliyin qiyməti Rusiyanın inkişaf perspektivlərini və həyat standartlarını zəiflətmək olacaq".

Poliqon.info