Torpaq sürüşməsi səbəbindən Fransa ilə İtaliya arasında qatar əlaqəsi kəsildi

Yağan leysan və sonradan baş verən sürüşmə səbəbindən Fransanın Sen-Jean-de-Mauryenn kommunası ərazisində bir neçə yol bağlanıb, Frejus yol tuneli isə yük maşınları üçün qapadılıb...

Poliqon "La Stampa"ya istinadən xəbər verir ki, İtaliya ilə Fransa arasında dəmir yolu əlaqəsi dayandırılıb.

İtaliyanın Trenitalia dəmir yolu şirkətinin məlumatına görə, Milandan Parisə və əks istiqamətdə bir neçə qatar ləğv edilib. Qrafik dəyişiklikləri sabaha, avqustun 29-na qədər elan olunub. Hadisə iki şəhər arasında hərəkət edən 8 qatara təsir edib. Yollarda tıxac yaranıb. Sinoptiklər leysan yağışlar, dolu, qasırğa və güclü küləyin ən azı bir gün də davam edəcəyini proqnozlaşdırırlar.

Bir gün əvvəl, avqustun 27-də İtaliyanın Liquriya bölgəsinə də güclü yağışlar yağıb. Bir neçə ağac aşıb, qəsəbələrdə küçələri və yeraltı keçidləri su basıb. Cenaoda bir neçə saat ərzində 200 mm-ə qədər yağış yağıb.

Poliqon.info