Priqojin Rusiyaya uçmazdan əvvəl harda olub və kimlərlə görüşüb?..

Tver vilayətində qəzaya uğrayan “Embraer Legacy 600” biznes-jetinin sərnişinlər siyahısında olan “Vaqner” lideri Yevgeni Priqojin bir neçə gün əvvəl Mərkəzi Afrika Respublikasının (MAR) prezidenti Faustin-Arxanc Toadera ilə görüşüb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal nəşri yazır. Qəzetin iddiasına görə, Priqojin Mərkəzi Afrika Respublikasının rəhbərinə məlumat verib ki, Rusiyada uğursuz üsyan cəhdi “Vaqner”in MAR-dakı mane olmayacaq.

WSJ-nin məlumatına görə, Moskvaya qayıtmazdan əvvəl Priqojin Maliyə də səfər edib.

Nəşr mənbələrə istinadən yazır ki, Yevgeni Priqojinin şəxsi təyyarəsi avqustun 18-də Mərkəzi Afrika Respublikasının paytaxtı Banqiyə enib. Prezident sarayında Faustin-Arxanc Toadera ilə görüşdə Priqojin bildirib ki, iyunun sonunda “Vaqner”in Rusiyada etdiyi üsyan cəhdi MAR-dakı hərbi şirkətin işinə təsir etməyəcək.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Priqojin prezidentə yerli hökumətin təhlükəsizliyini təmin etmək və kənd təsərrüfatına yeni investisiyaları təşviq etmək üçün Mərkəzi Afrika Respublikasında “Vaqner” Özəl Hərbi Şirkətinin mövcudluğunu gücləndirəcəyinə də söz verib.

Mənbə qeyd edir ki, prezident sarayındakı görüşdə MAR kəşfiyyatının rəhbəri Vanset Linqissara da iştirak edib. Lakin nə o, nə də Mərkəzi Afrika Respublikası prezidentinin nümayəndəsi nəşrin sorğusuna cavab verməyib. Mərkəzi Afrikanın silahlı qüvvələri və polisi üçün təlim xidmətləri göstərən Beynəlxalq Təhlükəsizlik üzrə Zabitlər Birliyinin sözçüsü Yevgeni Priqojinin Banqidə olub-olmaması ilə bağlı dəqiq məlumata malik olmadığını bildirib.

Ertəsi gün Mərkəzi Afrika Respublikasının Prezidenti ilə danışıqlardan sonra “Vaqner” rəhbəri Sudanın Çevik Reaksiya Qüvvələrinin (RRF) nümayəndələri ilə görüşüb. WSJ-nin məlumatına görə, nümayəndə heyəti Sudanın Darfur əyalətindən Banqiyə onları yer-hava tipli raketlərlə təmin edən “Yevgeni Priqojin üçün hədiyyə” ilə gəlib.

Aprelin ortalarında Sudan ordusu ilə RRF arasında toqquşmalar başlayıb. Buna səbəb ordunun baş komandanı ilə Suveren Şuranın rəhbəri Əbdülfəttah əl-Burhan və onun müavini, RRF-yə rəhbərlik edən Məhəmməd Həmdan Daklu arasında fikir ayrılığı olub. "Vaqner" RRF-nin Sudan ordusuna qarşı bir sıra qələbələr qazanmasına kömək eedib. Cavab olaraq, Çevik Hərəkət Qüvvələrinin nümayəndələri "Vaqner" tərəfindən qorunduğu iddia edilən mədənlərdə çıxarılan qızıl külçələrini Priqojinə təhvil verib.

Qəzet yazır ki, Sudanın Çevik Hərəkət Qüvvələrinin nümayəndələri ilə danışıqlardan sonra Priqojin Malinin paytaxtı Bamakoya uçub. WSJ-nin məlumatına görə, o, bir müddət orada qalıb, sonra Moskvaya gedib.

“Vagner” strukturlarına məxsus “Embraer Legacy 600” təyyarəsi avqustun 23-də Tver vilayətində qəzaya uğrayıb. Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, təyyarədə “Vaqner” lideri Yevgeni Priqojin və komandiri Dmitri Utkin də daxil olmaqla 10 nəfər olub. Rusiya Fövqəladə Hallar Nazirliyi qəza nəticəsində təyyarədə olanların hamısının həlak olduğunu bildirib.

Poliqon.info