ABŞ-ın Yaxın Şərqi tərk etməyəcək: Bunu düşünə bilmirəm...

ABŞ Baş Qərargah rəisi Mark Milli Yaxın Şərqin onlar üçün bir çox cəhətdən önəmli olduğunu vurğulayaraq, bu bölgəni tərk etməyəcəklərini bildirib...

Poliqon xəbər verir ki, İordaniyada yayımlanan "Əl-Mamlaka" telekanalına müsahibə verən ABŞ rəsmisi ölkəsinin Yaxın Şərq siyasəti ilə bağlı açıqlamalar verib.

"Bu bölgə ilə yaxın dostluğumuz və ortaqlığımız var. Orda vəziyyətin sabit olduğundan əmin olmaq istəyirik. Bölgə bütün dünya üçün neft və enerji qaynaqları baxımından əsas mənbədir", deyə Milli bildirib.

Yaxın Şərqlə əlaqələrini davam etdirəcəklərini vurğulayan Baş Qərargah rəisi "ABŞ-ın bölgəni tərk etməsini düşünə bilmirəm. Buradakı öhdəliyimiz uzun illər davam edəcək", deyib.

"ABŞ-ın bölgədəki hərbi mövcudluğunu artırmağı düşünürmü" sualına Milli belə cavab verib: "Bu, o zamankı təhlükə səviyyəsindən asılıdır".

İŞİD-in hələ də tam məhv edilmədiyini vurğulayan Milli "Hələ ideologiya ölməyib. İŞİD terrorçuları hələ də Suriya və İraq səhralarında gəzirlər, ona görə də bizim üçün hələ də təhlükədir", deyə əlavə edib.

ABŞ-ın həm Suriyada, həm də İraqda hərbi varlığını davam etdirəcəyinə işarə vuran Baş Qərargah rəisi hələ sabitliyin tam bərpa olunmadığını bildirib: "Biz birdən-birə buradan geri çəkildiyimiz halda, İŞİD üzvləri yenidən təşkilatlana bilər. Vəziyyət əvvəlkindən daha yaxşıdır, amma yenə də müəyyən səy tələb edir".

Milli, İŞİD-in tamamilə məhv edildiyi təqdirdə ABŞ-ın buradan çəkilib-çəkilməyəcəyi sualına cavab olaraq bu qərarın prezident Co Bayden və ABŞ hökumətinə aid olduğunu bildirib.

Ukraynanın Rusiyaya qarşı başlatdığı əks-hücumun da "qanlı" və "yavaş" olduğunu ifadə edən Milli "Bunun uğurlu və ya uğursuz olduğunu söyləmək hələ tezdir", deyib.

Poliqon.info