İngiltərədə ilk - Qadın öz uşaqlığını bacısına bağışladı

İngiltərədə 40 yaşlı qadın bacısının uşaq dünyaya gətirə bilməsi üçün uşaqlığını ona bağışlayıb...

Poliqon publika.az-a istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Qeyd olunub ki, britaniyalı həkimlər ilk dəfə uşaqlıq transplantasiyası əməliyyatı həyata keçiriblər. Əməliyyat 17 saat davam edib və uğurlu keçib. Donor orqan bütün funksiyaları yerinə yetirdiyi üçün 34 yaşlı qadının uşaq dünyaya gətirmək şansı da artıb.

"Mən mümkün qədər çox uşaq sahibi olmaq istəyirəm" , - xəstə qeyd edib.

Cərrah-ginekoloq Riçard Smitin sözlərinə görə, xəstənin doğuşdan uşaqlığı olmadığı üçün hamilə qala bilməyib, amma yumurtalıqları hələ də qalıb. Bu, yumurtaların çıxarılmasına və IVF-dən istifadə edərək süni şəkildə mayalanmasına imkan verib. Yaxın aylarda embrionların uşaqlığa köçürülməsi planlaşdırılır. Həkimlərin fikrincə, prosedurun müvəffəqiyyət nisbəti 80 faizdir. Smit əlavə edib ki, donor orqanı çox yükləmək olmaz, odur ki, doğuş hamiləliyin 37-ci həftəsində qeysəriyyə əməliyyatı ilə həyata keçiriləcək.

Qeyd olunur ki, dünyada yüzə yaxın uşaqlıq transplantasiyası əməliyyatı həyata keçirilib və bunun sayəsində 50 uşaq dünyaya gəlib. İlk belə əməliyyat 2000-ci ildə Səudiyyə Ərəbistanında həyata keçirilib, lakin qadında fəsadlar yaranıb və sonradan orqan çıxarılıb. 2014-cü ildə ilk dəfə uşaqlığı köçürülmüş qadının bətnində daşıdığı uşaq dünyaya gəlib. İngiltərədə ilk əməliyyat fevral ayında baş tutdu, lakin həkimlər daha yaxşı nəticəyə əmin olmaq istədikləri üçün bu barədə məlumat gizli saxlayıb.

Poliqon.info