Gürcüstandan Abxaziya və Cənubi Osetiya ilə bağlı Medvedevə sərt cavab...

"Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin Cənubi Osetiya və Abxaziyanın Rusiyaya birləşdirilməsinin mümkünlüyü ilə bağlı sözləri qəbuledilməzdir və Gürcüstanın ərazi bütövlüyü prinsipinə ziddir".

Poliqon xəbər verir ki, bunu Gürcüstan parlamentindəki hakim “Gürcü arzusu” fraksiyasının rəhbərinin müavini Rati İonatamişvili deyib.

Siyasətçi qeyd edib ki, Tiflis qeyd olunan əraziləri sülh yolu ilə ölkəyə qaytarmaq niyyətindədir. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin Abxaziya və Cənubi Osetiya sakinlərinə əsas mesajı budur: "Gürcüstanın ərazi bütövlüyünə zidd olan hər hansı bəyanat qətiyyən qəbuledilməzdir".

Analoji bəyanatla ölkə parlamentinin insan hüquqları və vətəndaş inteqrasiyası komitəsinin rəhbəri Mixail Sarjveladze çıxış edib. Deputat Medvedevin bəyanatını qeyri-legitim adlandırıb.

Qeyd edək ki, Rusiya hökuməti 2008-ci ildə Abxaziya və Cənubi Osetiyada yaranan qondarma rejimlərin müstəqilliyini tanıyıb. Bundan sonra Tiflis Moskva ilə diplomatik əlaqələri kəsərək dialoqu yalnız Zaqafqaziyada təhlükəsizlik və sabitliyin müzakirəsi çərçivəsində, həmçinin digər dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyi ilə davam etdirib.

Avqustun 23-nə keçən gecə Aif.ru qəzeti Dmitri Medvedevin Cənubi Osetiya və Abxaziyanın Rusiya Federasiyasına daxil edilməsi ideyasının populyarlığını elan etdiyi məqaləsini dərc edib. Təhlükəsizlik Şurası rəhbərinin müavini bildirib ki, müvafiq təşəbbüs “üzrlü səbəblərlə” həyata keçirilə bilər.

Həmçinin bu gün Rusiyanın ihlaq etdiyi Gürcüstan ərazilərində yaradılan Cənubi Osetiyanın prezidentinin dövlət müşaviri Vyaçeslav Qobozov bildirib ki, respublika Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmaq istəyir: “Bizim Rusiya və Belarusun İttifaq Dövlətinə qoşulmaq istəyimiz var. Bu, bizim prioritetlərimizdən biridir”.

Poliqon.info