Finlandiya sovet və nasist simvollarını qadağan edir...

Finlandiya hökuməti sovet və nasist simvollarının - oraq-çəkic və svastikanın (qammalı xaç) istifadəsinə qanunvericilik qadağası imkanını nəzərdən keçirir...

Poliqon xəbər verir ki, bu barədə Finlandiyanın Yle məlumat yayıb.

Hökumət koalisiyasından olan deputat Ben Cuskoviç deyir ki, o, bu təklifi hökumətin bərabərliyi təşviq etmək və ayrı-seçkiliyin aradan qaldırılması üçün tədbirləri ehtiva edən hesabatına daxil edib.

Yle-nin əldə etdiyi məlumata görə, məsələ parlamentin işçi qrupunda hazırlıq mərhələsində müzakirə olunub və hazırda baxılır. Hökumət fraksiyalarının üzvləri arasında bu məsələdə hələ də yekdil fikir yoxdur.

Almaniya kimi bir çox Avropa ölkələrində svastikanın nasist simvolu kimi istifadəsi rəsmən qadağandır. Svastika xüsusən də II Dünya müharibəsi zamanı Holokost və digər azlıqların məhv edilməsi ilə sıx bağlıdır.

Ben Cuskoviç bildirir ki, svastika ilə yanaşı, o, sovet embleminin - oraq və çəkicdən də istifadəni qadağan etməyi təklif edib, çünki milyonlarla günahsız insan da bu simvolla SSRİ bayrağı altında məhv edilib.

Finlandiya parlamenti sentyabrda bərabərliyi gücləndirmək üçün tədbirlərə səs verəcək. Hökumət cəmiyyətdə irqçilik və ayrı-seçkiliyin kökünün kəsilməsinə dair ortaq dil tapmaq üçün hesabat üzərində iş görüb. Baş nazir Petteri Orpo hələ hesabatda göstərilən konkret tədbirləri açıqlamayıb. Yalnız o məlumdur ki, parlament sentyabrda keçiriləcək iclasında hesabata baxacaq və orada təqdim olunan təkliflərə səs verəcək.

Poliqon.info