ÜST: Son 28 gündə dünyada COVID-19-a yoluxma halları 63% artıb...

İyulun 17-dən avqustun 13-dək qeydə alınan COVID-19 hadisələrinin sayı əvvəlki 28 günlə müqayisədə 63% artıb. Eyni zamanda, koronavirus infeksiyası nəticəsində ölənlərin sayı 56% azalıb...

Poliqon xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) bildirilib.

Bu müddət ərzində dünyada 1,4 milyondan çox insan yoluxub, 2,3 mindən çox insan ölüb.

28 gün ərzində 234 ölkədən 104-ü (44%) ÜST-ə ən azı bir COVID-19 hadisəsi barədə məlumat verib. Regional səviyyədə, yeni bildirilmiş halların sayı ÜST-nin beş regionundan dördündə 28 gün ərzində azalıb: Afrika (-80%), Cənub-Şərqi Asiya (-51%), Avropa (-18%) Şərqi Aralıq dənizi (-16%).

Bununla belə, Qərbi Sakit Okean regionunda yoluxmada 97% artım qeydə alınıb. İyulun 17-dən avqustun 13-dək yeni bildirilən ölüm hallarının sayı hesabat verilən beş regionun hamısında azalıb.

ÜST təşkilatın mayın 5-də elan etdiyi fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, COVID-19-un “əsas təhlükə” olaraq qaldığını vurğulayıb. Bundan əlavə, ÜST diqqəti koronavirus infeksiyasının “Omikron” ştammının yeni variantının - EG.5 “Eris”in yayılmasının artmasına yönəldib. Avqustun 17-nə olan məlumata görə, bu versiya 50 ölkədə tapılıb. Bir həftə əvvəl 48 belə ölkədə qeydə alınmışdı.

Poliqon.info