İran Rusiya ilə viza rejimini ləğv etməyə hazırlaşır...

İranın Moskvadakı səfiri Kazem Cəlali bildirib ki, İran hakimiyyəti Rusiya ilə viza rejimini ləğv etməyə hazırdır...

Poliqon xəbər verir ki. bu barədə İran səfiri “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Səfir qeyd edib ki, İran və Rusiya vizasız qrup turist səfərləri haqqında sazişin həyata keçirilməsi üçün yolun başlanğıcındadır.

Səfirin sözlərinə görə, İran hakimiyyəti artıq viza rejiminin tamamilə ləğvi üzərində işləyir:

“Ölkələrimiz arasında vizaların tam ləğvinə gəlincə, qeyd etmək istərdim ki, İran bu addıma - dövlətlərimizin vətəndaşlarının bir-birinə sərbəst gediş-gəlişi üçün vizanı ləğv etməyə tam hazırdır. Təbii ki, biz rəsmilərimizdən müvafiq qərarlar gözləyirik, ondan sonra bu tədbirlər təsdiqlənəcək və tətbiq olunacaq”, deyə səfir bildirib.

Səfir hesab edir ki, qışda ruslar üçün Fars körfəzinin cənub sahillərinə, cənub adalarına, eləcə də İranın mərkəzi hissəsindəki səhralara gəlmək maraqlı olardı.

Xatırladaq ki, Rusiya və İran arasında vizasız qrup turist səfərləri haqqında saziş 2021-ci il iyulun 1-də imzalanıb. Müqaviləyə əsasən, iranlılar və ruslar 15 gündən çox olmayan 50 nəfərlik turist qrupunda başqa ölkəyə vizasız gedə bilərlər. Avqustun 1-dən ölkələr arasında vizasız qrup turist mübadiləsinə start verilib.

Poliqon.info