İtaliyaya rekord sayda miqrant gəlib - Müxalifət hökuməti günahlandırır

Bu ilin əvvəlindən İtaliyaya ən azı 100 min miqrant gəlib...

Poliqon “La Sicilia” qəzetinə istinadən xəbər verir ki, ölkəyə daxil olan miqrantların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artıb. Bununla belə, onların axını dayanmır.

Eyni zamanda, daha 180 min miqrant qaçqınların qəbulu mərkəzlərindədir və onların bir çoxu yenilərini yerləşdirmək üçün köçürülməlidir. Nəşrin müəllifləri vurğulayırlar ki, miqrantların sayı 2018-ci ildən bəri rekord göstəricidir.

Qeyd edilir ki, miqrantların sayı iki dəfə arta bilər, çünki daha iki ay ərzində hava şəraiti Aralıq dənizindən keçmək üçün əlverişli olacaq.

“La Repubblica” qəzetinin məlumatına görə isə ölkəyə mərkəzi Aralıq dənizi yolu ilə daxil olan 2,1 min miqrant ölüb.

Demokratlar Partiyasının Emilia-Romanya qubernatoru Stefano Bonaççini bildirib ki, ölkənin hazırkı baş naziri Corca Meloni hakimiyyət başına keçdikdən bəri miqrantların sayı 4 dəfə artıb: "İndi şəhərlərdə fövqəladə vəziyyət hökm sürür. Çox təəssüf ki, xəbərlərdə bu haqda danışılmır".

Onun fikrincə, hakimiyyətdə olan sağçılar “immiqrasiyanın öhdəsindən gəlməkdə acizlik nümayiş etdirirlər”.

Poliqon.info