Mahaçqalada baş verən partlayışın səbəbi bəlli olub - 100 tona yaxın selitra…

Mahaçqalada yanğının başladığı avtoservisdə 100 tona yaxın partlayıcı selitra saxlanılıb…

Poliqon xəbər verir ki, bu barədə “Shot” telegram kanalı mənbələrə istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, yerli iş adamı avtomobil servisinin ərazisində anbar icarəyə götürüb. İş adamı anbarda ammonium nitrat və satış üçün gübrə saxlayıb.

Təxmin edilir ki, təmir işləri zamanı avtoservisdə yanğın olub və yanğından 100 ton selitra partlayıb. Alov yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə keçib və orada çənlər və qazla dolu maşın da partlayıb. Qazla dolu maşın selitra anbarının qarşısında dayanıbmış.

“Shot” qeyd edir ki, yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması faciəni daha da böyüdüb. Kanal Mahaçqalada baş verən partlayışı 2020-ci ildə Beyrut limanında baş verən partlayışla müqayisə edib. Beyrutda baş verən partlayış Mahaçqaladakından 50 dəfə güclü olmaqla 1500 ton trotilə bərabər olub. Mahaçqalada baş verən partlayışın ilkin gücü isə 35 ton trotillə qiymətləndirilir.

Qeyd edək ki, Beyrutda baş verən partlayışda 210 nəfər həlak olub. Dağıstanda isə hazırda 35 ölü və 105 yaralı məlumdur.

Poliqon.info