Hacıqabulda kütləvi zəhərlənmə baş verib - AQTA araşdırmalara başlayıb

Hacıqabulda kütləvi zəhərlənmə baş verib...  

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri və müvafiq qurumların əməkdaşları tərəfindən Hacıqabul rayonunda baş vermiş hadisənin səbəblərinin araşdırılmasına başlanılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq AQTA-dan bildirilib.

"İlkin araşdırma zamanı məlum olub ki, Bakı şəhər sakinləri istirahət məqsədilə səfər etdikləri Oğuz rayonunda ev şəraitində hazırladıqları və yol kənarından aldıqları qida məhsullarını istehlak etdikdən sonra geri qayıdarkən Hacıqabul rayonu ərazisində vəziyyətləri pisləşdiyi üçün təcili tibbi yardıma müraciət ediblər. Tibbi yardım göstərildikdən sonra həmin şəxslər evə buraxılıblar. Araşdırmalar davam edir", - məlumatda qeyd edilib.

***

“Report”un Aran bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Poliqon.info