Rusiya Şimali Kipr Türk Respublikasında konsulluq açır... - Kremlin bu addımının arxasında nə gizlədilir?

Rusiya yaxın zamanlarda Şimali Kipr Türk Respublikasında konsulluq açmağı planlaşdırır...

Politoloq: “Şimali Kipr Türk Respublikasında başqa ölkələrin də konsulluq xidmətləri var. Məsələn ABŞ, Böyük Britaniya, Fransanın orada konsulluqları var”.

“Moskvanın Şimali Kipr Türk Respublikasında konsulluq açması həqiqətən də, Türkiyə-Rusiya münasibətlərinə müəyyən müsbət element gətirə bilər”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın Şimali Kipr Türk Respublikasında konsulluq açmasını Poliqon-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Rusiya yaxın zamanlarda Şimali Kipr Türk Respublikasında konsulluq açmağı planlaşdırır. Kremlin bu qeyri-rasional addımının arxasında nə gizlədilir? Doğrudanmı Moskva Yunanıstanla əlaqələri tamamilə korlayaraq Türkiyə ilə daha isti münasibətlərə qurmağa can atır?

Rusiyanın Şimali Kipr Türk Respublikası qərarını Poliqon-un əməkdaşı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müzakirə edib.

Elxan Şahinoğlu: “Rusiya prezidentinin Ankaraya səfəri öncəsi Türkiyə ilə münasibətləri daha da inkişaf etdirmək, müsbət çalarlar qatmaq məqsədi ilə də bu konsulluğun açılması elan edilə bilər”.

Azərbaycanın da artıq bu istiqamətdə müəyyən addımlar atmalı olduğunu düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, Azərbaycan üçün indiki şərtlər altında Şimali Kipr Türk Respublikasını tanımaq çətin olsa da, rəsmi Bakı onlarla əlaqələr qurur:

“Şimali Kipr Türk Respublikasında başqa ölkələrin də konsulluq xidmətləri var. Məsələn ABŞ, Böyük Britaniya, Fransanın orada konsulluqları var. Qeyri-rəsmi məlumatlara görə isə Şimali Kipr Türk Respublikasında rus mənşəli vətəndaşlar da yaşayır. Onların saylarının 40-50 min olduğu deyilir. Bu səbəbdən də Rusiyanın Şimali Kipr Türk Respublikasında konsulluğunun açılması labüddür.

Amma bunu siyasi səbəbləri də ola bilər. Yəni bu ay Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə rəsmi səfəri olacaq. Səfər öncəsi Türkiyə ilə münasibətləri daha da inkişaf etdirmək, müsbət çalarlar qatmaq məqsədi ilə də bu konsulluğun açılması elan edilə bilər. Çünki Moskvanın Şimali Kipr Türk Respublikasında konsulluq açması həqiqətən də, Türkiyə-Rusiya münasibətlərinə müəyyən müsbət element gətirə bilər.

Elxan Şahinoğlu: “Rusiyanın Şimali Kipr Türk Respublikasında konsulluğunun açılması labüddür”.

Rəcəb Tayyib Ərdoğan da bu günlərdə Şimali Kipr Türk Respublikasına səfər etdi və orada hava limanının açılışında iştirak etdi. Türkiyə prezidenti dedi ki, dövlətlərin tanınmasına çalışacaqlar. İndi Rusiya da bu istiqamətdə müəyyən addım atır.

Mənə elə gəlir ki, Azərbaycan da artıq bu istiqamətdə müəyyən addımlar atmalıdır. Yəni Azərbaycan üçün indiki şərtlər altında Şimali Kipr Türk Respublikasını tanımaq çətin olsa da, rəsmi Bakı onlarla əlaqələr qura bilər. Məsələn turizmin inkişafı, birbaşa təyyarə reyslərinin açılması kimi işlər görülə bilər. Düşünürəm ki, bu istiqamətdə fəaliyyətimizi genişləndirə bilərik”.

Eyni zamanda Elxan Şahinoğlu Rusiya Qarabağda da eyni addımı atması ehtimalı ilə bağlı sualımıza da cavab verib.

Qeyd edək ki, Kreml vaxtilə bir neçə tanınmayan respublikaları tanıyıb və həmin separatçı bölgələrdə diplomatik təsisatlar yaradıb. Heç bir beynəlxalq hüququ tanımayan Rusiya Qarabağda da eyni addımı ata bilərmi?

Sualımıza cavab olaraq politoloq bildirib ki, Qarabağla Şimali Kipr Türk Respublikasını eyniləşdirməyək olmaz:

“Əvvəla qeyd edim ki, Qarabağla Şimali Kipr Türk Respublikasını eyniləşdirməyək. Yəni Şimali Kipr Türk Respublikası seperatçı bir bölgə deyil. Şimali Kipr Türk Respublikasının yaxın tarixi var və ora başqa bölgəyə bənzəmir. Vaxtıyla Şimali Kipr Türk Respublikasına qarşı qətliamlar həyata keçiriblər. Mən Kiprdə olmuşam və yunanların orada törətdikləri şahidlərin dilindən də eşitmişəm. Şimali Kipr Türk Respublikası iki millətin bir dövlətidir və oranın müstəqil dövlət kimi varlığı üçün zəmin var.

Doğrudur, Qarabağda da biz erməni soyqırımı ilə üzləşmişik. Amma Qarabağ deyiləndə Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir. Şimali Kipr Türk Respublikasında isə yunanların dövləti varsa, türklərin də dövlətinin olmasına hüquqları çatır.

Elxan Şahinoğlu: “Şimali Kipr Türk Respublikası iki millətin bir dövlətidir və oranın müstəqil dövlət kimi varlığı üçün zəmin var”.

Rusiya Şimali Kipr Türk Respublikasında konsulluq açır. Bu o demək deyil ki, Rusiya Şimali Kipr Türk Respublikasını rəsmən tanıyır.

Əlbəttə, könül istərdi ki, Şimali Kipr Türk Respublikasını Türkiyədən başqa digər dövlətlər də rəsmən tanısınlar. Ən əsas da türkdilli dövlətlərin tanıması çox yaxşı olardı. Amma müəyyən çətinliklər də var. Həmin dövlətlər Yunanıstanın təzyiqləri ilə üzləşirlər.

Hesab edirəm ki, əgər Azərbaycanda Qarabağ problemi olmasaydı, yaxud da Azərbaycan Qarabağ problemini tam həll edəndən sonra bizim də Şimali Kipr Türk Respublikasını rəsmən tanımasına heç nə mane olmayacaq”.

Nərminə UMUDLU Poliqon.info