Çingiz Əlləzov: “Bu döyüş mənə və Azərbaycana lazım idi”

“Bu döyüş mənə və Azərbaycana lazım idi”...

Bunu Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

“ONE Fight Night 13” turnirində ermənistanlı Marat Qriqoryanı məğlub edən 30 yaşlı idmançı bildirib ki, planda daha üç döyüş keçirmək var: "Altı ay əvvəl demişdim ki, Marat Qriqoryana qarşı kəmər uğrunda döyüş istəyirəm. Hər gün də bu döyüşlə yaşayırdım. Rəqibimi məğlub etdim və bu qələbəni xalqımıza həsr edirəm. Qriqoryanla döyüşdən sonra da dedim ki, karyeramı bitirmək istəyirəm. Amma Corcio Petrosyan razılıq versə, onunla döyüşərəm. Ona da qalib gələcəyimə inanıram. Ümumiyyətlə, Azərbaycan, Belarus və Rusiyada döyüşmək istəyirəm. Bundan sonra isə karyeramı bitirə bilərəm”.

Azərbaycan xalqına təşəkkür etməyi unutmayan Əlləzov vətəndaşlıq almaq istədiyini də söyləyib: “Mənə çox güclü dəstək verdilər. Rəqibim də güclü idi. Ümumiyyətlə, Qriqoryanla döyüş həyatımın ən vacib qarşılaşması idi. Ona görə də bu döyüşə çox ciddi hazırlaşmışdım. Azərbaycan vətəndaşlığını almaq üçün hələ müraciət etməmişəm. Fəxr edirəm ki, azərbaycanlıyam. Burada yaşamaq istəyirəm”.

"Best of the best" promoşn qrupun rəhbəri Elnur Məmmədov da Çingiz Əlləzovun son döyüşünə münasibət bildirib: “Yanvarda Bakıda keçirilən mətbuat konfransında da demişdik ki, kəmərin müdafiəsi üçün Marat Qriqoryanla qarşılaşmaq istərdik. Uzun müddətdir bu döyüşə hazırlaşırdıq. Qriqoryan dünyada tanınmış idmançıdır. Beş il titulunu qorudu. Çox təhlükəli idmançıdır. Beş raund Çingizi təzyiqdə saxladı. Amma müqəddəs borcumuzu yerinə yetirdik. Çingiz qanımızda olan döyüşkənliyi növbəti dəfə sübut etdi. Qürur hissini bizə yaşatdı, tarixi zəfər qazandı”.

Məmmədov gələcək planlara da aydınlıq gətirib: “Cənab nazir Fərid Qayıbovla görüşümüzdə bəzi məsələləri müzakirə etmişik. Yəqin ki, Bakıda böyük bir tədbir həyata keçirəcəyik və Çingiz əsas döyüşdə iştirak edəcək. Tanınmış qonaqları da dəvət etməyi düşünürük”.

Poliqon.info