Dövlət Komissiyası şəhidin nəşinin 31 il sonra tapılmasına dair yayılan məlumata münasibət bildirib - Foto, Yenilənib

Mətbuat nümayəndələrinin çoxsaylı sualları nəzərə alınaraq, I Qarabağ müharibəsində itkin düşdüyü bildirilən şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədinin 31 ildən sonra tapılması və ekshumasiya edilməsinə dair kütləvi informasiya vasitələrində yayılmış məlumatla bağlı tərəfimizdən araşdırma aparılıb...

Bu barədə APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

"Məlum olmuşdur ki, Həsənov Rəhman Əhliman oğlu 1992-ci ildə Ermənistan silahlı qüvvələrinə qarşı döyüşdə qəhrəmancasına həlak olmuş və nəşi elə həmin vaxt döyüş bölgəsindən götürülərək Laçın rayonu, Suarası kəndində dəfn edildiyi üçün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyat alınmamışdır. Bu günlərdə onun məzarının ətrafında yaxınları tərəfindən təmizlik və abadlıq işləri aparılmışdır.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası həssas xarakter daşıdığını nəzərə alaraq, itkin düşmüş şəxslər mövzusunda yoxlanılmamış məlumatların yayılmamasını xahiş edir", - qeyd olunub.

***

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Həsənov Rəhman Əhliman oğlunun cəsədi 31 ildən sonra tapılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rəhman Həsənovun cəsədi 1992-ci ildə döyüşərək şəhid olduğu Laçının Suarası kəndində aşkarlanıb.

Eksqumasiya edildikdən sonra cəsədin şəhid Həsənov Rəhman Əhliman oğluna aid olduğu müəyyən edilib.

Xatırladaq ki, Həsənov Rəhman Əhliman oğlu 1972-ci ildə Laçın rayonunun Suarası kəndində anadan olub.

1990-cı ildə hərbi xidmətə çağırılıb. Laçında Qayğı qəsəbəsində hərbi xidmətdə olub, qranatamyotçu olub, orada gedən döyüşlərdə iştirak edib.

1992-ci ildə Suarası kəndində Susuz dağında gedən döyüşlərdə 2 erməni postunu partladıb, 10 nəfərdən çox erməni döyüşçüsünü məhv edib.

1992-ci il sentyabr ayının 10-da Suarası kəndində Susuzdağ və Qızartı dağlarında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Subay idi.

Poliqon.info