Derincə limanındakı partlayış zamanı ərzaq ehtiyatlarının 20%-i zədələnib

Türkiyənin Derincə limanında baş verən partlayışdan sonra ərzaq ehtiyatlarının 20%-nə ziyan dəyib...

Poliqon xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Əlaqələr İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin açıqlamasında deyilir.

"Limanın ümumi tutumu 95 min tondur. Partlayışın baş verdiyi bölmədə 75 min ton ehtiyat var idi. İlkin hesablamalara görə, bu ehtiyatın təxminən 20%-i (15 min ton) zədələnib. Amma "8 milyon ton ehtiyat məhv edilib" ifadəsi doğru deyil”, deyə Administrasiyadan bildirilib.

Bundan əvvəl bir sıra Türkiyə KİV-i limanda baş verən partlayışdan sonra 8 milyon ton ərzaq ehtiyatının zədələndiyi iddia etmişdi.

Qeyd edək ki, avqustun 7-də Türkiyənin böyük ticarət limanı Derincədə (Mərmərə dənizində yerləşir) güclü partlayış baş verib. Hadisə nəticəsində azı 12 nəfər xəsarət alıb. Məlum olub ki, partlayış liftdə taxılın gəmiyə yüklənməsi zamanı baş verib. Faktla bağlı araşdırma aparılır.

Poliqon.info