Özünü güllələyən əsgərlə bağlı Hərbi Prokurorluqdan açıqlama - Yenilənib

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının hərbi qulluqçusu, əsgər Ülvi İlyas oğlu Şamxalovun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Lənkəran Hərbi Prokurorluğuna məlumat daxil olub.

Bu barədə Azərbaycan Hərbi Prokurorluğundan bildirilib.

Qeyd olunub ki, daxil olmuş məlumat əsasında Lənkəran Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Hazırda Lənkəran Hərbi Prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

***

Penitensiar Xidmət ötən gün Salyanda yerləşən cəzaçəkmə müəssisəsində özünü güllələyən hərbi qulluqçu barədə məlumat yayıb.

Xidmətdən APA-ya bildirilib ki, Mühafizə Alayının hərbi qulluqçusu əsgər Ülvi İlyas oğlu Şamxalovun xəstəxanada müalicəsi davam etdirilir.

Qeyd edilib ki, həyatı üçün heç bir təhlükə yoxdur.

Poliqon.info