Braziliyalı hücumçu: "Neftçi"yə gəldiyim üçün xoşbəxtəm"

"Buraya gəldiyim üçün xoşbəxtəm".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin yeni transferi Andre Şinyaşiki klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Braziliyalı hücumçu bildirib ki, "ağ-qaralar"dan təklif gələndə çox sevinib: "Klub haqqında əvvəlcədən məlumatım var idi. Daha sonra internet üzərindən də araşdırdım. Şəhəri çox bəyəndim. Azərbaycanda çıxış etmiş tanışları olan, Qazaxıstanda oynayan bir dostumdan ölkəniz haqqında soruşdum. O, burada mənə hər şeyin yaxşı, komandanın ailə kimi olduğunu dedi".

"Neftçi"yə ABŞ-ın "Şarlott" klubundan keçən 26 yaşlı forvard MLS-i Azərbaycan Premyer Liqasına dəyişməsinin səbəbini də açıqlayıb: "Həmişə Avropada çıxış etməyi arzulamışam. Bildiyiniz kimi, ABŞ çempionatında 6 ildən çox oynamışam. Düşündüm ki, artıq dəyişiklik etməyin vaxtıdır və dünyanın digər tərəfindən gələn təklifi dəyərləndirmək istədim".

Həm sol vinger, həm də mərkəz hücumçusu mövqeyində oynaya bildiyini söyləyən Şinyaşiki karyerasının əksər hissəsində forvard kimi çıxış etdiyini vurğulayıb: "Sonra isə məni sol cinah hücumçusu kimi oynadıblar. Artıq bu mövqeyə də uyğunlaşmışam. Harada oynamağımın fərqi yoxdur. Əsas odur ki, komandaya köməyim dəysin".

Təcrübəli oyunçu sonda azarkeşlərə səslənib: "Hər zaman qələbə uğrunda döyüşən bir oyunçu olacağam. Burada çempionluqlar və kuboklar qazanmaq istəyirəm. Ümid edirəm ki, bunu bacaracağam".

Qeyd edək ki, "Neftçi" Andre Şinyaşiki ilə 2 illik müqavilə bağlayıb.

Poliqon.info