Honq-Konq öz liderinin APEC sammitinə dəvət olunmasını tələb edir

Çinin muxtar bölgəsi olan Honq Konq hakimiyyəti bəyanat yayaraq, baş icraçı Con Linin bu ilin noyabrında San-Fransiskoda keçirilməsi planlaşdırılan Asiya-Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə çağırılmasını tələb edib...

Poliqon xəbər verir ki, “The Washington Post” qəzeti bundan əvvək Con Linin demokratik üsyanların yatırılmasında şəxsi iştirakı ilə əlaqədar ABŞ-ın şəxsi sanksiyalarına məruz qaldığı üçün sammitə buraxılmayacağı yazıb. Honq-Konq hakimiyyəti bu bəyanatı qəzetin yazısına cavab olaraq yayımlayıb.

Con Li 2020-ci ildə, hələ Honq-Konqun təhlükəsizlik naziri vəzifəsində işləyərkən, hakimiyyət orqanlarına yerli demokratik etiraz hərəkatlarının liderlərini və iştirakçılarını mühakimə etməyə imkan verən qondarma Milli Təhlükəsizlik Aktının təsdiqi və icrasında fəal iştirak edib. O, Honq-Konqun rəhbəri olduqdan sonra da bu sanksiyalar götürülməyib.

Honq-Konq hakimiyyətinin bəyanatında xüsusi qeyd olunur ki, Birləşmiş Ştatlar ev sahibi dövlət kimi öz öhdəliklərini diqqətlə yerinə yetirməyə və xüsusi muxtar vilayətin icra hakimiyyətinin başçısına dəvət göndərməyə borcludur: "APEC-in iclasların keçirilməsi üçün öz qaydaları və ənənələri var... APEC heç bir dövlətə aid deyil... Ev sahibi ölkə bu qaydalara və ənənələrə uyğun olaraq üzvləri dəvət etməyə borcludur".

Çin Xarici İşlər Nazirliyi də vəziyyətlə bağlı “qəti bəyənmədiyini” ifadə edən bəyanat yayıb: “ABŞ-dan yanlış qərarı dərhal düzəltməsini xahiş edirik”.

İndiyədək ABŞ administrasiyasından “The Washington Post”un nəşrinə, həmçinin Honq-Konq və Pekinin bəyanatına rəsmi reaksiya verilməyib.

Poliqon.info