Si Tsinpin İrakli Qaribaşvili ilə görüşüb...

Gürcüstan və Çin liderləri ölkələr arasında əlaqələri dərinləşdirmək barədə razılığa gəliblər...

Çin Xalq Respublikasının sədri Si Cinpin Pekinə gələn Gürcüstanın baş naziri İrakli Qaribaşvilini qəbul edib.

Poliqon xəbər verir ki, b barədə iyulun 28-də Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

“Gürcüstan bir çox cəhətdən Çinlə ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi ideyasına sadiqdir və biz bu səfər zamanı mühüm sənədlərin imzalanacağına şadıq”, deyə Qaribaşvili Si ilə görüşündə deyib.

Si Cinpin cavabında bildirib ki, Tbilisinin Gürcüstan-Çin münasibətlərini inkişaf etdirmək istəyini yüksək qiymətləndirir. Çin lideri əlavə edib ki, son vaxtlar ölkələr arasında etimad güclənib və Çin Gürcüstanla tərəfdaşlığı yüksək qiymətləndirir.

“Çinə səfəriniz zamanı birgə bəyanat veriləcək. Bildiriləcək ki, Gürcüstan və Çin ikitərəfli münasibətlərimizi yeni səviyyəyə çıxararaq strateji tərəfdaşlıq qururlar”, deyə ÇXR lideri bildirib.

Qeyd edək ki, Qaribaşvili iyulun 27-də Çinə səfərə gedib. O, işgüzar səfərinə Çenqduya baş çəkməklə başlayıb və burada FISU Yay Dünya Universitet Oyunlarının açılış mərasimində iştirak edib.

Qaribaşvili bir qədər əvvəl Gürcüstan və Çin arasında ticarət-iqtisadi əlaqələrin fəal inkişaf etdiyini bildirib. 2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 1,8 milyard dolları ötüb ki, bu da 2021-ci illə müqayisədə 25,8% çoxdur. Çin ötən il Gürcüstanla ticarət dövriyyəsinə görə üçüncü olub.

Poliqon.info