ABŞ-dan Saakaşvili açıqlaması: Dəfələrlə Gürcüstan hökumətinə demişik ki...

ABŞ prezidenti Co Baydenin administrasiyası Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin işini diqqətlə izləyir...

Poliqon xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

“Sadəcə onu deyim ki, biz cənab Saakaşvilinin işini diqqətlə izləyirik. Biz onun səhhətindən çox narahatıq”, deyə o bildirib.

Millerin sözlərinə görə, ABŞ dəfələrlə Gürcüstan hökumətinə həm açıq, həm də özəl olaraq bildirib ki, hökumət Saakaşviliyə lazımi tibbi yardım göstərmək öhdəliyi daşıyır və onun hüquqlarına riayət olunmasını təmin edilməsini istəyir.

“Və biz bu işi çox yaxından izləməyə davam edəcəyik”, deyə Miller əlavə edib.

İyulun 3-də Saakaşvili onlayn rejimdə məhkəmə iclasında iştirak edib. O, xəstəxanada qaldığı müddətdə nə qədər arıqladığını nümayiş etdirib.

Ukrayna prezidenti Vladimir Zelenski həbsdə olan Saakaşvilinin vəziyyətindən qəzəbləndiyini bildirib və Xarici İşlər Nazirliyinə Gürcüstanın Ukraynadakı səfirini çağırmağı, ona Saakaşvili ilə bağlı sərt etirazını bildirməyi və 48 saat ərzində paytaxtla məsləhətləşmələr apararaq, Ukraynanı tərk etməyi təklif etməyi tapşırıb. İyulun 6-da Gürcüstan səfiri Ukrayna rəhbərliyinin müraciətinə cavab olaraq Kiyevi tərk edib.

Poliqon.info