Çinin xarici işlər naziri hardadır? - Nazirlik də bilmir

Çin Xalq Respublikasının xarici işlər naziri Qin Qanın uzun müddət ictimai məkanda olmamasının səbəbləri və hazırda harada olması barədə Çin Xarici İşlər Nazirliyində məlumat yoxdur.

Poliqon xəbər verir ki, bu barədə brifinqdə xarici siyasət idarəsinin sözçüsü Mao Ninq bildirib.

Mao Ninq nazirin harada olması barədə suala "Mənim təqdim edəcəyim heç bir məlumatım yoxdur", cavabını verib.

Çin Xarici İşlər Nazirliyinin saytında verilən məlumata görə, ölkə lideri Si Szinpinə kifayət qədər yaxın sayılan Qin sonuncu dəfə iyunun 25-də vyetnamlı həmkarı Bui Tan Son ilə görüşərkən ictimaiyyət qarşısına çıxıb. Bir aydır ondan xəbər yoxdur.

O, iyulun 11-15-də Cakartada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) xarici işlər nazirlərinin illik toplantısını buraxıb. Bunun əvəzinə forumda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi iştirak edib ki, bu da onun statusuna uyğun gəlmir. Həmin vaxt Çin Xarici İşlər Nazirliyi nazirin səhhətində problemlər olduğunu açıqlamışdı.

Kütləvi informasiya vasitələri Çinin xarici siyasət idarəsinin rəhbərinin ictimai məkandan yoxa çıxması ilə əlaqədar Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverlinin Pekinə bu həftə planlaşdırılan səfərini təxirə saldığını bildirib.

Poliqon.info