Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub, ölən və yaralanan var - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır...

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda hadisə yeri prokurorluq əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.

***

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

APA-nın əldə etdiyi xəbərə görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Əhmədov Mehman Həsən oğludur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Şəkərova Səbinə Elyas qızı olduğu bildirilir.

Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə, partlayış qurumun “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.

***

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən partlayış baş verib.

Nazirlikdən verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hazırda araşdırma aparılır.

Poliqon.info