Keçmiş deputat: Putin və Priqojin bir-biri ilə döyüşə hazırlaşır...

Dövlət Dumasının keçmiş deputatı İqor Yakovenko bildirib ki, Rusiyanın əsas mafiya klanı olan Putinin tərəfi də döyüşə ciddi hazırlaşır...
"Rusiya faktiki olaraq mafiya klanları tərəfindən idarə olunur. Xüsusilə, “Vaqner” və dövlətin içindəki mafiya klanı. Bu yaxınlarda bu mafioz klanlar arasında “heçə-heçə” ilə nəticələnən toqquşma oldu. Priqojin aktivlərinin və zirehli texnikasının əhəmiyyətli bir hissəsini itirsə də, əsas nüvəni saxladı. İndi o, Putinlə yenidən bir-biri ilə döyüşməyə hazırlaşır”.

Poliqon xəbər verir ki, bu barədə “Obozrevatel” nəşrinə müsahibəsində rusiyalı müxalif siyasətçi, Dövlət Dumasının keçmiş deputatı və jurnalist İqor Yakovenko bildirib.

“İnanıram ki, Priqojin Putin rejiminin zəiflədiyi anı gözləmək niyyətindədir. Moskvaya “ədalət yürüşü”nün təkrarı olacaq”, deyə Yakovenko bildirib.

Onun fikrincə, Rusiyanın əsas mafiya klanı olan Putinin tərəfi də döyüşə ciddi hazırlaşır.

“Rusiya Qvardiyasının kəskin gücləndirilməsi var. Zirehli texnikalar ora axır. Putin Ukraynada vuruşan işğalçı ordudan həm sayca, həm də silah-sursat baxımından əhəmiyyətli dərəcədə üstün olan daxili ordu yaratmağa yönəlib”, deyə jurnalist qeyd edir.

Onun məlumatına görə, hazırda Daxili İşlər Nazirliyindən Rusiya Qvardiyasına ayrı-ayrı bölmələr, xüsusi təyinatlılar axışır:

“Əslində bu mafiozlardan ikisi - Putin və Priqojin bir-biri ilə müharibəyə hazırlaşır. Rusiya imperiyasının sonrakı parçalanması prosesi gedir. İndi o, gözümüzün qabağında mafioz klanlara parçalanmağa başlayır”.

Poliqon.info