Astarada iribuynuzlu heyvanın xəsarət yetirdiyi şəxs ölüb

Astarada iribuynuzlu heyvan kənd sakininə xəsarət yetirib...

APA-nın Cənub bürosunun verdiyi məlumata görə hadisə Maşxan kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1972-ci il təvəllüdlü Elşən Müqabil oğlu İbadov gecə saatlarında bağlarında olan iri buynuzlu heyvana baxmaq üçün həyətə düşüb. Bu zaman heyvan (kələ) arxadan ona hücum edib və yerə yıxıb.

Sonra heyvan ayaqları ilə E.İbadovu tapdalayıb. Səsə çıxan ev sahibləri heyvanı uzaqlaşdırıblar. Xəsarət alan Elşən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə daxil olub. Xəstəyə zəruri ilkin tibbi xidmətlər göstərilib, təcili əməliyyat blokuna verilib.

Bütün reanimasiya və cərrahi müdaxilələrə baxmayaraq xəstənin həyatını xilas etmək mümkün olmayıb. O bu gün günorta saatlarında dünyasını dəyişib.

Faktla Astara rayon prokurorluğunda araşdırma aparılır.

Poliqon.info