Ukraynanı dəstəkləyən yeni müdafiə naziri ölümlə hədələndi - Saxlanılan var

Bolqarıstanın hüquq-mühafizə orqanları ölkənin yeni müdafiə naziri Todor Taqarevi ölümlə hədələdiyi iddiası ilə 39 yaşlı kişinin saxlanması barədə məlumat yayıb...

Poliqon xəbər verir ki, bu barədə Euractiv portalı yazır. Portalın məlumatına görə, saxlanılan şəxs müvafiq hədələri sosial şəbəkələrdə səsləndirib.

“İyulun 4-də təqsirləndirilən şəxs sosial şəbəkədəki şəxsi profilində nazirə mesaj göndərərək onu öldürməklə hədələyib. Bu şəxs Ukraynadakı münaqişə ilə bağlı mövqeyini bəyənmədiyi üçün Taqarevi öldürəcəyini bildirib. İstintaq zamanı müəyyən edilib ki, sosial şəbəkədə hədə-qorxu gələn profil təqsirləndirilən G.D. tərəfindən yaradılıb və ondan istifadə edilib. Prokurorluğun qərarı ilə həmin şəxs 72 saat saxlanılıb”, deyə məlumatda bildirilir.

Euractiv-in məlumatına görə, Taqarev sələfi ilə müqayisədə bu məsələdə Avropayönlü mövqe tutaraq, Ukraynaya hərbi, maliyyə və humanitar yardımın göstərilməsini dəstəkləyir. Xüsusilə, Bolqarıstanın yeni müdafiə naziri Kiyevə ağır silahların göndərilməsinin tərəfdarı olduğunu bildirib.

Poliqon.info