İsraildə on minlərlə insan məhkəmə islahatlarına qarşı etiraza qatılıb...

On minlərlə israilli məhkəmə islahatlarına etiraz etmək üçün küçələrə axışıb...

İsraildə Benyamin Netanyahunun məhkəmə islahatları hökumətinə qarşı etirazlar yenidən intensivləşib. Dünən ölkənin hər yerində nümayişlər keçirilib.

Poliqon xəbər verir ki. bu barədə The Times of Israel qəzeti yazır. Nəşr qeyd edir ki, mayordan tutmuş briqada generalına qədər 161 zabit nümayişçilərə dəstək məqsədilə xidməti tərk etdiklərini bildirib.

Təl-Əvivdə etirazçılar ölkənin əsas magistral yolu olan Ayalon şossesini bağlayıblar. Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə etməli olub. Milli Təhlükəsizlik Naziri İtamar Ben-Qvir Ayalon yaxınlığında etirazların keçirildiyi yerə gəlib və polisi etirazçılara qarşı sərt tədbirlər görməyə çağırıb.

Qüdsdə etirazçılar maneələri aşaraq Baş nazir Benyamin Netanyahunun şəxsi iqamətgahının yerləşdiyi Qəzza küçəsinə girməyə cəhd edərkən nümayişçilərlə polis arasında şiddətli toqquşma baş verib. Ölkənin digər şəhərlərində də mitinqlər keçirilib. Bu aksiyalar zamanı ümumilikdə 45 nəfər saxlanılıb.

Qeyd edək ki, Netanyahu hökumətinin ədliyyə sistemini dəyişdirmək və Ali Məhkəmənin bəzi səlahiyyətlərini məhdudlaşdırmaq üçün atdığı addım misli görünməmiş etirazlara səbəb olub, iqtisadiyyata ziyan vurub və Qərb müttəfiqləri arasında İsrailin demokratik azadlıqları ilə bağlı narahatlıqları artırıb.

İyulun 11-də Knesset birinci oxunuşda artıq məhkəmə islahatlarının birinci hissəsini qəbul edib. Netanyahunun kabineti qanunu bütünlüklə iyulun 30-da Knessetin fasilə verdiyi zaman qəbul etməyi hədəfləyir.

Poliqon.info