ABŞ və İsrail prezidentləri Ağ Evdə görüşüblər...

ABŞ və İsrail prezidentləri İran, Rusiya və İordan çayının qərb sahilindəki vəziyyəti müzakirə ediblər...

Poliqon xəbər verir ki, Ağ Evin məlumatına görə, ABŞ prezidenti Co Bayden İsrail prezidenti Yitzhak Hersoq ilə görüşündə İran və Rusiyanı müzakirə edib.

Ağ Evdən qeyd ediblər ki, prezidentlər qarşılıqlı maraq doğuran əsas məsələlər, o cümlədən İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün koordinasiyanın artırılması və İranın Rusiya ilə artan müdafiə tərəfdaşlığı üzrə məsləhətləşiblər.

Bildirilir ki, Bayden “İsrail-Fələstin münaqişəsinin iki dövlətin birgə yaşaması əsasında danışıqlar yolu ilə həlli yolunun qorunub saxlanmasına”, eləcə də “israillilərə və fələstinlilərə bərabər azadlıq, firavanlıq və təhlükəsizlik şəraitinin təmin edilməsinə sadiqliyini” təsdiqləyib.

“Prezident İordan çayının qərb sahilində təhlükəsizlik və iqtisadi vəziyyətin yaxşılaşdırılması və terror hücumlarının qarşısının alınması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğulayıb”, deyə ABŞ prezident administrasiyası bildirib.

Liderlər həmçinin iqlim dəyişikliyi, pandemiya və ərzaq təhlükəsizliyi kimi ümumi qlobal problemlərin öhdəsindən gəlmək üçün texnoloji həllərin işlənib hazırlanması üzrə davam edən əməkdaşlığı müzakirə ediblər.

Poliqon.info