Fərhad Məmmədovdan Rusiyanın təhdidlərinə şərh: Qarabağda təxribatlar baş verə bilər...

Rusiyanın Laçın yolunda qurulan Sərhəd Buraxılış Məntəqəsinin ləğv olunması ilə bağlı tələbi Azərbaycanın suverenliyinə qarşı qəsd deyilmi?..

Siyasi-şərhçi: “Rusiyanın son bir neçə gün ərzində verdiyi bəyanatlar və Moskvanın diplomatik müstəvidə fəallığı onu göstərir ki, Rusiya hətta, Qarabağ erməniləri üzərində nəzarət mexanizmlərini itirməkdədir”.

“Müəyyən gərginlik var və bu gərginliklər fonunda Rusiyanın bəyanatlarına, təzyiqlərinə tab gətirməyə Azərbaycanın tam gücü var”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Rusiyanın son günlərdə Azərbaycana qarşı səsləndirdiyi təhdidləri Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlum bəyanatından sonra dünən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Nazirliyə dəvət olunub və səfirdən Laçın yolunun açılması tələb olunub. Həmçinin Rusiya xarici işlər nazirinin müavini Rudenko Azərbaycanla Ermənistan arasında sülh sazişinin Moskvada imzalanmasını bir daha vurğulayıb.

Moskvanın bu addımlarını necə dəyərləndirmək olar və Rusiyanın Laçın yolunda qurulan Sərhəd Buraxılış Məntəqəsinin ləğv olunması ilə bağlı tələbi Azərbaycanın suverenliyinə qarşı qəsd deyilmi?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Rusiya sülhməramlılarının fərqli təşəbbüslərlə irəli çıxması hər hansısa bir nəticəyə gətirib çıxarmayacaq”.

Ən böyük təxribatın Qarabağ ermənilərini Şuşa yoluna yönləndirmək və Rusiya sülhməramlılarının postlarından keçmək icazəsini verərək, Azərbaycanın daxili qoşunları yerləşən məntəqəyə yaxınlaşmaya icazə vermələri olduğunu düşünən ekspert Poliqon-a bildirib ki, Bununla da Rusiya hər iki tərəfi qarşıdurmaya sövq edə bilər:

“Rusiyanın son bir neçə gün ərzində verdiyi bəyanatlar və Moskvanın diplomatik müstəvidə fəallığı onu göstərir ki, Rusiya hətta, Qarabağ erməniləri üzərində nəzarət mexanizmlərini itirməkdədir. Çünki Qarabağda olan aksiyalar onu göstərir ki, Qarabağ erməniləri Rusiya sülhməramlılarından narazıdır. Onlar da bu narazılığ ram etmək, onu ən azı nəzarətdə saxlamaq üçün belə aksiyalara əl atırlar.

Azərbaycanın mövqeyi beynəlxalq hüquqa söykənir və Ermənistan rəhbərliyi tərəfindən də qəbul edilib. Belə olan halda Rusiya sülhməramlılarının fərqli təşəbbüslərlə irəli çıxması hər hansısa bir nəticəyə gətirib çıxarmayacaq. Müəyyən gərginlik var və bu gərginliklər fonunda Rusiyanın bəyanatlarına, təzyiqlərinə tab gətirməyə Azərbaycanın tam gücü var. Düşünürəm ki, Rusiya daha tez Azərbaycanın gözləntilərinə cavab verəcək, nəyinki əksinə.

Fərhad Məmmədov: “Rusiya daha tez Azərbaycanın gözləntilərinə cavab verəcək, nəyinki əksinə”.

Həmçinin hal-hazırkı dövrdə Qarabağda təxribatlar baş verə bilər. Ələlxüsus, ən böyük təxribat Qarabağ ermənilərini Şuşa yoluna yönləndirmək və Rusiya sülhməramlılarının postlarından keçmək icazəsini verərək, Azərbaycanın daxili qoşunları yerləşən məntəqəyə yaxınlaşmaya icazə vermələri olar. Bununla da Rusiya hər iki tərəfi qarşıdurmaya sövq edə bilər.

Rusiya üçün indi Qarabağda döyülən ermənilər mənzərəsi lazımdır. Bu istiqamətdə də onlar belə təxribatları təşkil edə bilərlər”.

Nərminə UMUDLU Poliqon.info