Ərəstun Oruclu: “Taxıl sazişi” ətrafında daha böyük miqyasda müharibə başlaya bilər...

Dünyada ərzaq qıtlığının qarşısının alınması üçün Qara dənizdə Rusiyaya qarşı beynəlxalq koalisiyanın yaranması mümkündür?..

Siyasi-şərhçi: “Rusiya “Taxıl sazişi”nə geri dönməsə, Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün beynəlxalq koalisiya yaradıla bilər. Bu da Rusiya-Ukrayna qarşıdurmasının, Rusiya-NATO qarşıdurmasına keçməsinə şərait yarada bilər”.

“Əgər digər ölkələrin gəmilərinin Ukrayna taxılının daşımasına qərar verilsə, təbii ki, onların təhlükəsizliyinin təmin olunması məsələsi gündəmə gələcək”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiyanın Taxıl sazişindən çıxmasını Poliqon-a şərh edərkən qeyd edib.

Ötən il Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə dünyada enerji sektoru ilə yanaşı, ərzaq sahəsinə də ciddi ziyan vurub. Ukrayna və Rusiyadan taxıl idxal edən ölkələrdə ərzaq inflyasiyanın daha çox mənfi təsirlərini görə bilərik. Bundan ən çox təsir görən ölkələrdən biri də Türkiyədir. Ukraynanın Krım körpüsünü vurmasının ardından Kreml bu sazişdən ayrıldığını bildirdi.

Rusiyanın sazişdən ayrılması ərzaq böhranını daha da gücləndirə bilərmi? Eyni zamanda Türkiyə Rusiyanı taxıl sazişinə qaytara bilərəcəkmi və qaytara bilməsə, ərzaq qıtlığının qarşısının alınması üçün Qara dənizdə Rusiyaya qarşı beynəlxalq koalisiyanın yaranması mümkün ola bilərmi?

Rusiyanın “Taxıl sazişi” qərarından sonra atılacaq mümkün addımları Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Bunun nəticəsində dünyada ərzaq böhranı yaranarsa və həmin böhran dərinləşərsə, Rusiyaya qarşı sanksiyalar bir qədər də artırıla bilər. Artıq Rusiyaya sanksiyalar BMT səviyyəsində tətbiq oluna bilər”.

İlk növbədə Rusiyanı “Taxıl sazişi”nə qaytarılmasına çalışacaqlarını nəzərə çatdıran ekspert Poliqon-a açıqlamasında vurğulayıb ki, Rusiyanın buna gedib-getməməsi başqa məsələdir:

““Taxıl sazişi” adlanan 4 tərəfli anlaşma, yəni BMT-nin baş katibi Antoniu Quterreş tərəfindən Türkiyə, Ukrayna və Rusiya tərəfindən imzalanan bu sazişin əslində müddəti keçmişdi. May ayında Taxıl sazişinin müddəti 2 aylığa uzadıldı. Bu sazişin həyata keçməsində Rusiya dəfələrlə bildirmişdi ki, onun maraqları təmin olunmur. Çünki bildiyimiz kimi Rusiya Ukrayna ilə yanaşı əsas taxıl ixrac edən ölkələrdəndir.

Ukrayna əsasən kasıb ölkələrin bazarına göndərilən taxılın 30 milyon tonunu ixrac edir. Bu günə qədər də Ukraynadan 30 milyona tona qədər taxıl daşınıb. Əslində, Taxıl sazişi xeyrli dərəcədə yerinə yetirilib. Amma məsələ burasındadır ki, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına mane olan amillər başqadır. Bu Rusiyaya qarşı tətbiq edilən sanksiyalardır. Daşımalara və başqa sahələrə tətbiq olunan sanksiyalar aradan qaldırılmadıqda Rusiya ixrac məsələsini istədiyi kimi həyata keçirməsi mümkün deyil. Buna görə də Rusiya daim bunu pozmağa çalışırdı və bir neçə dəfə buna cəhd etdi. Amma Rusiyaya qarşı sərt reaksiyalar oldu.

İndi problem ondadır ki, Rusiyanın Taxıl sazişindən çıxması Qara dənizdə təhdidlər yaratmaq ehtimalı deməkdir. Bu zaman həmin o daşıma və gəmiçilik kampaniyaları ya yüksək sığorta təminatları istəyəcəklər, ya da daşımalardan imtina edəcəklər. Bu da faktiki olaraq son nəticədə dünyada ərzaq qıtlığının yaranması demək olacaq. Onsuz da bu problem var və hələ də tam aradan qaldırılmayıb.

Ərəstun Oruclu: “Bu Qara dənizdə olan mövcud gərginliyin artıq Rusiya-Ukrayna müstəvisindən çıxaraq beynəlxalq müstəviyə keçməsi deməkdir”.

Dünən Rusiyanın bəyanatından sonra Rusiyanın Belarusdakı səfirinin Ukraynaya verdiyi notadan sonra taxıl birjalarındakı qiymət 4-5 faiz bahalaşdı. Şübhəsiz ki, Rusiyanın “Taxıl sazişi”ndən çıxması təsirini göstərəcək. Amma eyni zamanda bunun bölgə, xüsusilə də Qara dəniz bölgəsi üçün daha ağır fəsadları başlayacaq. Məsələn, “Taxıl sazişi”ndə Türkiyə bir tərəf kimi iştirak edir. Amma əslində dediyim kimi bu BMT səviyyəsində imzalanmış sazişdir. Əgər digər ölkələrin gəmilərinin Ukrayna taxılının daşımasına qərar verilsə, təbii ki, onların təhlükəsizliyinin təmin olunması məsələsi gündəmə gələcək. Məlumdur ki, Rusiya onları təhdid edəcək və çalışacaq onların qarşısını alsın. Bu halda da Qara dəniz bölgəsində çox ciddi qarşıdurma yarana bilər.

Deyək ki, Ukraynanın donanması zəifdir və onun gəmilərin təhlükəsizliyini təmin etmək imkanı yoxdur. Qara dəniz hövzəsində Türkiyə ən güclü ölkədir. Belə olan halda Türkiyə gəmilərin təhlükəsizliyi məsələsini öz üzərinə götürə bilər. Hətta, NATO ölkələri də gəmilərin təhlükəsizliyini üzərinə götürə bilərlər. Bu da Qara dənizdə olan mövcud gərginliyin artıq Rusiya-Ukrayna müstəvisindən çıxaraq beynəlxalq müstəviyə keçməsi deməkdir.

Bu baş verəcəkmi? Bunu söyləmək çətindir. Amma məsələ burasındadır ki, bunun nəticəsində dünyada ərzaq böhranı yaranarsa və həmin böhran dərinləşərsə, Rusiyaya qarşı sanksiyalar bir qədər də artırıla bilər. Artıq Rusiyaya sanksiyalar BMT səviyyəsində tətbiq oluna bilər. Mən bunu da istisna etmirəm.

Ərəstun Oruclu: “Rusiya-Türkiyə qarşıdurması ola bilər ki, bu da Rusiya-NATO qarşıdurması deməkdir”.

Buna görə mənə elə gəlir ilk növbədə çalışacaqlar, Rusiyanı “Taxıl sazişi”nə qaytarsınlar. Rusiyanın buna gedib-getməməsi başqa məsələdir. Rusiya Taxıl sazişinə geri dönməsə, dediyim kimi Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün beynəlxalq koalisiya yaradıla bilər. Bu da Rusiya-Ukrayna qarşıdurmasının, Rusiya-NATO qarşıdurmasına keçməsinə şərait yarada bilər. Yaxud da Rusiya-Türkiyə qarşıdurması ola bilər ki, bu da Rusiya-NATO qarşıdurması deməkdir.

Burada bütün variantlar mümkündür. Nəyin baş verəcəyini söyləmək çətindir. Rusiyanın Qara dənizdə taxıl daşımalarına mane olacaq gücü varmı? Bu da ciddi sualdır. Və ya Rusiyanın o iradəsi varmı ki, Qara dənizdə təhlükəsizliyi təmin etmək üçüm beynəlxalq koalisiya yaradılanda bu koalisiyaya qarşı çıxsın? Suallar olduqca çoxdur. Amma istənilən halda vəziyyət kifayət qədər gərgindir. Hətta, “Taxıl sazişi”ətrafında daha böyük miqyasda müharibə də başlaya bilər”.

Nərminə UMUDLU Poliqon.info