Seysmoloq İstanbulda güclü zəlzələ olacağını proqnozlaşdırıb...

İstanbulda və Mərmərə bölgəsində elm adamları 7 baldan yuxarı güclü zəlzələnin iqtisadi nəticələrinin bütün Türkiyə daxilində hiss ediləcəyini proqnozlaşdırırlar...

Poliqon xəbər verir ki, bu barədə “RİA Novosti” Agentliyinə seysmologiya professoru, İstanbul meriyasının zəlzələlər üzrə Alimlər Şurasının üzvü Haluk Eyidoğan məlumat verib.

“Proqnozlara görə, Mərmərə dənizində sınmaların aktivləşməsi halında güclü zəlzələ baş verəcək. Belə bir zəlzələnin 2030-cu ilə qədər baş vermə ehtimalı təxminən 50 faizdir. Bu qənaətə bu regionda zəlzələlərin 2000 illik tarixinin öyrənilməsi və aparılan geofiziki və seysmik tədqiqatların nəticələrinin təhlili əsasında gəlinib”, deyə alim qeyd edib.

Eyidoğan izah edib ki, alimlərin əhalini qorxutmaq məqsədi yoxdur və onlar yalnız sakinlərə belə bir fəlakətə hazırlaşmağı xatırladırlar. Eyidoğan qeyd edib ki, gələcəkdə mümkün zərərin azaldılması üçün səlahiyyətlilər əvvəlcədən lazımi tədbirlər görürlər.

Alimin sözlərinə görə, hadisələrin mümkün inkişafı üçün artıq bir neçə ssenari hazırlanıb, İstanbul meriyası həmçinin mümkün qdağıntıların və uça biləcək binaların sayını hesablayıb.

Eyidoğan vurğulayıb ki, zəlzələnin mənfi iqtisadi təsirini bütün Türkiyə hiss edəcək, çünki İstanbul ölkənin ÜDM-nin 35%-ni təmin edir.

Seysmoloq, Mərmərə dənizində zəlzələnin 25 milyondan çox əhalisi olan yeddi əyalətə təsir edə biləcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, Tekirdağ, Çanaqqala, Yalova, Bursa və digər şəhərlərin sakinləri özlərini təhlükəsiz hesab etməyə bilər - genişmiqyaslı fəlakət bütün bölgəni əhatə edəcək.

“Bu bölgələrin mümkün zəlzələdən nə qədər zərər görəcəyini təsəvvür etmək belə çətindir”, deyə Eyidoğan qeyd edib.

Poliqon.info