Paşinyanın partiyası müxalifətçi komissiya sədrini vəzifədən uzaqlaşdırır...

“Mülki müqavilə” fraksiyası deputat Taquhi Tovmasyanın parlament komissiyasının rəhbəri vəzifəsindən uzaqlaşdırılması prosesinə başlayıb...

Ermənistanda hakim “Mülki müqavilə” fraksiyası parlamentdə “Mənim şərəfim var” fraksiyasından olan deputat Taquhi Tovmasyanın Milli Assambleyanın Müdafiə üzrə daimi komissiyasının sədri vəzifəsindən kənarlaşdırılması ilə bağlı qərar layihəsini İnsan hüquqları və ictimai məsələlər kimissiyasına təqdim edib.

Poliqon xəbər verir ki, qərar layihəsini təqdim edən deputat Ovik Ağazaryanın sözlərinə görə, Tovmasyan komissiyanın rəhbəri kimi Milli Assambleya Şurasının 46 iclasından yalnız 8-də iştirak edib, buna görə də o, öz səlahiyyətlərini tam yerinə yetirməyib.

“Bu, bütövlükdə komissiyanın fəaliyyətinə və səmərəliliyinə mənfi təsir göstərib”, deyə Ağazaryan bildirib.

Hakim fraksiyadan olan deputatın sözlərinə görə, Tovmasyan “yüz minlərlə insanın ləyaqətini təhqir edən nifrət ifadələrinə biganə olub”.

“Mülki müqavilə”nin nümayəndəsi Tovmasyana qarşı daha bir neçə ittiham səsləndirib.

Deputat “Mülki müqavilə” fraksiyasının onun yerinə öz namizədini irəli sürmək fikrində olmadığını və müxalifətin təkliflərinə baxmağa hazır olduğunu bildirib.

Müxalifət müzakirədə iştirak etməyib, “Hayastan” fraksiyasının nümayəndəsi Artsvik Minasyan zalı tərk etməzdən əvvəl prosesi qanunsuz adlandırıb. Bu məsələ ilə bağlı qərar gizli səsvermə yolu ilə veriləcək.

Poliqon.info