Ərdoğan İsveçin NATO üzvlüyünə qəbul edilməsinə razılıq verib...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiya üçün ən qısa zamanda Böyük Millət Məclisinə göndərilməsinə razılıq verib...

Poliqon xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Vilnüsdə Türkiyə prezidenti və İsveçin baş naziri ilə üçtərəfli görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Stoltenberq bildirib ki, Ərdoğan İsveçin NATO-ya üzvlük ərizəsini ratifikasiya üçün ən qısa zamanda ölkə parlamentinə təqdim edəcəyinə söz verib.

Stoltenberq görüşün konstruktiv keçdiyini qeyd edib.

“Prezident Ərdoğanın İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiya üçün Böyük Millət Məclisinə göndərilməsinə razılıq verməsindən məmnunam”, deyə Stoltenberq mətbuat konfransında deyib.

Türkiyə tərəfindənverilən açıqlamada isə bildirilir ki, “Ankara istədiyini aldı, ona görə də İsveçin NATO-ya daxil olması prosesi sürətlənəcək”.

NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyə və İsveçlə danışıqlardan sonra bildirib ki, İsveç Türkiyənin Aİ ilə gömrük ittifaqının modernləşdirilməsi üçün “səy göstərməyə” və Ankaranın Stokholmun NATO üzvlüyünə vetosunu ləğv etməsinə razılıq verməsi müqabilində vizasız danışıqları intensivləşdirməyə söz verib. Bunun müqabilində isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin NATO-ya qəbulu ilə bağlı protokolun ratifikasiyası prosesinə ən qısa zamanda başlamağa söz verib.

NATO sammitindən əvvəl Ərdoğan Avropa Şurasının rəhbəri Şarl Mişellə ayrıca görüş keçirib və bundan sonra Mişel görüşdə müsbət nəticələrin əldə olunduğunu açıqlayıb.

Poliqon.info