Edqars Rikeviçs Latviya Prezidenti kimi fəaliyyətə başlayıb

Edqars Rikeviçs Latviyanın Prezidenti kimi fəaliyyətə başlayıb...

APA xəbər verir ki, bu gün Prezident Rinkeviçs Latviya Parlamentində çıxış edib və prezidentlik dövrü üçün prioritetlərini açıqlayıb:

"Prezidentliyim müddətində müasir və güclü Latviyanın yaradılması, hüquqi və ədalətli Latviya, xalqın rifahı, inklüziv və hörmətli cəmiyyətin müdafiəsi üçün əlimdən gələni edəcəyəm. Hamımız birlikdə çalışaraq buna nail ola bilərik. Korrupsiya, cinayət və kartellərlə mübarizə milli prioritet olmalıdır. Eyni zamanda, hər bir səs-küylü cinayət məhkəməsinin niyə uğursuzluqla nəticələndiyini və niyə hər bir hökmün cavabdan daha çox suallar doğurduğunu başa düşməliyik. Ədalətli fəaliyyət göstərən və qərarlarını izah edən güclü və müstəqil məhkəmə sistemi, peşəkar və operativ hüquq-mühafizə orqanları ölkənin demokratik əsaslarının möhkəmlənməsi üçün vacibdir", - o çıxışında bildirib.

Latviyanın yeni Prezidenti Rusiya-Ukrayna müharibəsi barədə də danışıb və bildirib ki, Latviya Ukraynanın yanında olacaq.

"Rusiyanın Ukraynada müharibəsi və soyqırımı yeni, sərt reallıq yaradıb. Dünya, Avropa və regionumuz imperial Rusiyası və Lukaşenko rejimi tərəfindən təhdid altındadır. Ölkəmizin xarici siyasətində səhv etməyə vaxt yoxdur və olmayacaq. Biz bundan sonra da tez, qətiyyətli və müdrik hərəkət etməliyik. Latviyanın xarici siyasəti və təhlükəsizlik siyasəti dəyişməz olaraq qalacaq - Latviya güclü və effektiv NATO-nun, Avropa İttifaqının, hüquqlara əsaslanan beynəlxalq nizamın, dostlarımız və müttəfiqlərimizlə sıx əməkdaşlığın tərəfdarı olacaq. Biz Ukraynanın qələbəsinə qədər qəhrəman Ukrayna xalqını azadlıq mübarizəsində dəstəkləməyə davam edəcəyik".

Xatırladaq ki, Edqars Rinkeviçis daha əvvəl Latviyanın xarici işlər naziri postunda çalışıb.

Poliqon.info