Xankəndinin Bakının nəzarətinə keçməsi sülh yolu ilə baş tuta bilər?...

Azərbaycan yaxın vaxtlarda silahlı separaçılara qarşı antiterror əməliyyatı başlayacağı iddia edilir...

Siyasi-şərhçi: “Brüssel görüşündən öncə, ya da sonra biz silahsızlaşdırmanın müəyyən bir hissəsini görəcəyik”.

“Onlar bu qərarı vermək istəmirlər, çünki bu qərarla artıq Azərbaycanla reinteqrasiya prosesinin müəyyən bir mərhələsini keçdiklərini təsdiq edəcəklər”.

Bu sözləri siyasi-şərhçi Fərhad Məmmədov Azərbaycanın Qarabağ seperatçılarına qarşı yaxın vaxtlarda ata biləcəyi addımları Poliqon-a şərh edərkən qeyd edib.

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində məskunlaşmış separatçıların ardıcıl təxribatlar törətməsi rəsmi Bakının adekvat addımlar atmasını zəruri edir. Bir çox ekspertlər hesab edirlər ki, Azərbaycan yaxın vaxtlarda silahlı separaçılara qarşı antiterror əməliyyatına başlaya bilər.

Bəs Azərbaycan indiki məqamda Xankəndi əməliyyatına başlaya bilərmi və ermənilərin sərgilədiyi davranışlarla Xankəndinin Bakının nəzarətinə keçməsi sülh yolu ilə baş tuta bilərmi?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Azərbaycan həmin ərazidə hərbi əməliyyatlar çərçivəsində müəyyən addımları həyata keçirə bilər”.

Qarabağ separatçılarının bəyanatları onların Rusiya sülhməramlıları ilə birgə danışlara getməyə hazırdır olduğunu göstərdiyini xatırladan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, seperatçılar silahsızlaşmanı həyata keçirmək istəmirlər:

“Laçın yolunun giriş-çıxışını nəzarətə götürdükdən sonra Qarabağla bağlı əsas məsələ Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazininsilahsızlaşdırılmasıdır. Azərbaycan bu məsələni prinsipial və aktual məsələ olaraq irəli çəkib. Bununla bağlı hətta, seperatçıların rəhbəri Araik Arutunyan da çıxış edib və təsdiq edib ki, Azərbaycanın tələbi məhz silahsızlaşdırmadır.

Hal-hazırkı vəziyyət belədir ki, Azərbaycan həmin ərazidə hərbi əməliyyatlar çərçivəsində müəyyən addımları həyata keçirə bilər. Bu silah anbarlarına, fortifiaska qurğularına, əsgər və zabitlərin yerləşdiyi kazarmalara havadan zərbələr endirməklə həyata keçirilə bilər. Bununla da Azərbaycan bu məsələnin nə qədər tez həll olunmasında öz gözləntisini bu cür həll edə bilər.

Fərhad Məmmədov: “Bu ya hərbi əməliyyatlar nəticəsində olacaq, ya da öz xoşları ilə ən azından ağır texnikaları, arteriyaları həmin ərazilərdən çıxaracaqlar”.

Eyni zamanda danışıqlar yoluyla, yəni həm Ermənistanla, həm də Qarabağ erməniləri ilə danışmaqla buna nail olmaq mümkündür. Lakin son günlər Paşinyan bəyanat verdi ki, Qarabağın həmin hissəsində erməni silahlı qüvvələri yoxdur. Həmçinin Qarabağ separatçılarının bəyanatları onu göstərir ki, onlar Rusiya sülhməramlıları ilə birgə danışlara getməyə hazırdırlar, amma silahsızlaşmanı həyata keçirmək istəmirlər. Onlar bu qərarı vermək istəmirlər, çünki bu qərarla artıq Azərbaycanla reinteqrasiya prosesinin müəyyən bir mərhələsini keçdiklərini təsdiq edəcəklər.

Belə olan şəraitdə əlbəttə ki, hər bir variant nəzərdən keçirilir. Düşünürəm ki, ya Brüssel görüşündən öncə, ya da sonra biz silahsızlaşdırmanın müəyyən bir hissəsini görəcəyik. Bu ya hərbi əməliyyatlar nəticəsində olacaq, ya da öz xoşları ilə ən azından ağır texnikaları, arteriyaları həmin ərazilərdən çıxaracaqlar”.

Nərminə UMUDLU Poliqon.info